Dekabrın 10-dan etibarən Rusiyanın Novorossiysk şəhərindən Bakıya yeni sərnişin qatarı hərəkətə başlayacaq.
Bu barədə “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir.
Sərnişin qatarı sözügedən marşrut üzrə hərəkət edərkən Tunnelnaya, Krımskaya, Krasnodar-1, Kavkazskaya, Armavir, Nevinnomısskaya, Mineralnıye Vodı, Georgiyevsk, Proxladnaya, Mozdok, Qudermes, Qızılyurd, Mahaçqala, Dərbənd, Xaçmaz və Sumqayıt stansiyalarında dayanacaq.
Rusiya ərazisində qatar üçün çevik tarif tənzimləmə cədvəli tətbiq olunur. Buna əsasən, müxtəlif təqvim dövrlərində azalan və ya artan əmsal ilə biletlər əldə etmək mümkün olacaq.
Qatar SV, kupe və plaskart tipli vaqonlarından ibarətdir.
Qatar 4 gündən bir Novorossiyskdən Moskva vaxtı ilə 14:00-da, Krasnodordan isə 17:07-də çıxacaq və Bakıya saat 02:15-də çatacaq. Novorossiyskdən Bakıya səyahət müddəti 35 saat 15 dəqiqə, Krasnodardan Bakıya isə 32 saat 8 dəqiqə təşkil edir.