ABŞ-ın Nyu-York şəhərində afroamerikalı Corc Floydun ölümünə etiraz olaraq keçirilən aksiyalar davam edir.
“Report”un xüsusi müxbiri xəbər verir ki, milyonlarla nümayişçi aksiyanın yeddinci günündə şəhərin Manhattan rayonunun “Columbus Circle” dairəsindən “Trump International Hotel”ə doğru hərəkət ediblər.
Onları Nyu-York Şəhər Mərkəzi Polis İdarəsinin yüzlərlə əməkdaşı müşahidə edib. Aksiya zamanı “Trump International Hotel”in yaxınlığındakı metro girişləri bağlanılıb. Hotelin qarşısında etirazçılar şəhərdə tətbiq edilən komendant saatına etiraz olaraq şüarlar səsləndirib, dövlət başçısını istefaya çağırıb və Corc Floyda ədalət istəyiblər.
Eyni zamanda Nyu-York şəhər bələdiyyəsinin sədri Bill de Blasioun komendant saatının tətbiqi ilə bağlı qərarına etiraz olaraq da Bronx, Manhattan və Bruklin rayonlarında gün ərizində aksiyalar baş tutub. Onlara tibb işçiləri də dəstək veriblər. “Citizen” proqramı üzərindən bir-biri ilə əlaqə quran nümayişçilər gecə saatlarına qədər aksiyanı davam etdirməyə çalışıblar. Zaman-zaman nümayişçilər və polislər arasında qarşıdurmalar yaşanıb. Polisin xəbərdarlığına baxmayaraq, aksiyanı davam etdirməyə cəhd edən yüzlərlə nümayişçi həbs olunub.