Odessa şəhəri sentyabrın 3-nə keçən gecə yenidən Rusiyanın hava hücumuna məruz qalıb. Hücum nəticəsində 21 mərtəbəli yaşayış binasına zərər dəyib, 17 nəfər, o cümlədən 3 uşaq yaralanıb.
Bu barədə Odessa vilayət administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Onun sözlərinə görə, zərbə nəticəsində yaşayış binasının 10-cu mərtəbəsindən 17-ci mərtəbəsinədək olan mənzillər müxtəlif dərəcədə zədələnib. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması davam edir, kommunal və digər xidmətlər ərazidə işləyir.
Bu, Odessanın son günlərdə məruz qaldığı ardıcıl hücumlardan biridir.
Bundan əvvəlki gecə şəhərə kütləvi hava zərbələri endirilib. Hücumlardan biri 24 mərtəbəli yaşayış binasına düşüb. Binanın bir neçə mərtəbəsində mənzillər dağılıb, ətrafdakı binaların pəncərələri sınıb. Həmin hücum nəticəsində 8 nəfər, o cümlədən bir uşaq yaralanıb.
Bundan başqa, iki təhsil müəssisəsinə, ofis binalarına, özəl müəssisəyə və avtomobillərə ziyan dəyib, yanğınlar baş verib. Primorski, Xadjibey və Peresıp rayonlarının sakinləri elektrik enerjisiz qalıb.
Hücum şəhərin 232-ci ildönümünün qeyd edildiyi gün – sentyabrın 2-də baş verib.
Sentyabrın 1-də də Odessa və vilayət pilotsuz uçuş aparatları və raketlərlə hücuma məruz qalıb. Həmin hücumun hədəflərindən biri Rumıniya sərhədində yerləşən “Orlovka” beynəlxalq bərə keçidi olub. 7 nəfər yaralanıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Odessa vilayəti avqustun 29-dan etibarən demək olar ki, hər gün hücuma məruz qalır. Bu müddətdə bölgədə bir nəfər həlak olub.
Hücumlar nəticəsində yaşayış binaları, “Nova Poçta” şirkətinin terminalı, tikiş sexi, ərzaq anbarları və taxıl daşıyan yük maşınları da zərər görüb.