Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.
Azpost.info-nun məlumatına görə, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.
Onun sözlərinə görə, O.Gülalıyev gözlərini açmağa başlayır: “Atam bu gün uzun zamandır tərpətmədiyi sol gözünü az da olsa aça bildi. Artıq hər iki gözünü açmağa başlayır. Ümid edirik ki, tezliklə komadan ayılacaq və aramıza geri dönəcək”.
Bir neçə gün bundan öncə O.Gülalıyev sağ gözünü də açıb.
Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.
Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyəyə aparılıb və İstanbul şəhərindəki Avrasiya Xəstəxanasına yerləşdirilib.