Oqtay Gülalıyevlə bağlı cinayət işi məhkəməyə göndərilib

20 Oktyabr 2020 - 21:09

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı qaldırılmış cinayət işinin ibtidai istintaqı başa çatıb. Cinayət işinə Bakının Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Bu barədə Amerikanın Səsinə vəkil Fuad Ağayev bildirib.

Vəkilin sözlərinə görə, cinayət işi üzrə hazırlıq iclasının vaxtı hələ təyin edilməyib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. O, başından aldığı zədə nəticəsində hələ də komadadır.

Fakt üzrə Oktay Gülalıyevi vuran sürücü Kənan Abdullayevin barəsində Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi qaldırılıb.

Oqtay Gülalıyev ötən ilin sonlarından Heydər Əliyev Fondunun yardımı ilə İstanbulda “Amerika” hospitalında müalicə olunur.