Oxu sahəsində qızlar, riyaziyyat sahəsində oğlanlar…- Nazirlik nəticələri açıqladı

“Azərbaycanı 2018-ci ildə PISA tədqiqatında Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbindən 6827 nəfər 15 yaşlı şagird təmsil edib”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyində PISA (Programme for International Student Assessment) – Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələri və beynəlxalq ikili diplom proqramlarına həsr olunmuş mətbuat konfransında nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, PISA qiymətləndirməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir keçirilir: “PISA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür. 2018-ci ildə PISA tədqiqatında şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420 bal, oxu üzrə 389 bal, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. Adətən ən yüksək nəticələri Şərqi Asiya ölkələri və inkişaf etmiş ölkələr əldə edir”.

E.Əmrullayev növbəti PISA tədqiqatlarının 2021-ci ildə keçiriləcəyini vurğulayıb: “Hər ölkə bu tədqiqatlarda iştirak edə bilmir. PISA-da iştirak edən ölkələrdən müəyyən bacarıq və səylər tələb edilir”.

Şöbə müdiri 2020-ci ildə PISA tədqiqatlarının nəticələrindən ibarət hesabat təqdim ediləcəyini də diqqətə çatdırıb: “PISA tədqiqatlarına əsasən, ilkin olaraq deyə bilərik ki, oxu sahəsində daha çox qızlar, riyaziyyat sahəsində isə oğlanlar yüksək nəticə göstərirlər. Bundan başqa “30 yaşınızda özünüzü harada görürsünüz?” sualına cavab olaraq oğlanlar daha çox mühəndislik, qızlar isə təbabət sahələrini seçirlər. PISA tədqiqatlarının təhlili göstərir ki, təhsilin inkişafında nəticələrimiz əvvəlki illərə baxanda daha yaxşıdır. Bugünkü 15 yaşlı şagirdlər təxminən 10 il əvvəl məktəbə getmiş uşaqlardır. Yəni bu gün təhsillə bağlı görülən işlərin təsirini hələ PISA təhlillərində görmürük, bu nəticələr gələcək illərdə özünü büruzə verəcək”.

E.Əmrullayev məktəblərdə müəllimlərin şagirdlərə qarşı emosional münasibətinin də yüksək nəticələr əldə edilməsinə təsir etdiyini deyib: “Bakı məktəblərinin göstəriciləri bir-birindən xüsusilə fərqlənmir. Digər ölkələrdə nəzər yetirdikdə görürük ki, daha çox hər hansı bir şəhərdə bir-iki məktəb fərqlənir. Bizdə bu cür fərqlilik müəyyən edilməyib, daha çox sinif daxili fərqliliklər nəzərə çarpır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran Prezidenti ABŞ-la danışıqların şərtini

Sonrakı məqalə

Gürcüstana bu il 1,4 milyondan çox Azərbaycan vətəndaşı səfər edib