“Partiyada bu qurumlar artıq ləğv edilib” –
“Yeni Azərbaycan Partiyasını rayon təşkilatları mobil bir təsisata çevrilib”.
Bu sözləri Azpost.info-ya hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nəzarət Təftiş Komissiyasının üzvü, keçmiş icra başçısı Musa Musayev deyib. O, əlavə edib ki, artıq rayon təşkilatlarında bəzi strukturların ləğv edilməsi yerli qurumların çevik fəaliyyətinə imkan yaradır: “Əvvəllər YAP-ın yerli təşkilatlarında sədrin bir neçə müavini, İdarə Heyəti, Şura və Nəzarət Təftiş Komissiyası var idi. Artıq bu qurumlar ləğv edilib. Sədrin də indi yalnız bir müavini var. Bununla da biz YAP-ın yerli təşkilatları çevik bir quruma çevirrmişik”, – deyə Musa Musayev vurğulayıb.
YAP yetkilisi bildirib ki, partiya daim yenilənməlidir: “Mən həmişə YAP-da islahatların tərəfdarı olmuşam. Ölkədə islahatlar dalğası başlayanda partiyada da islahatların aparılmasını təklif etmişəm. Bu barədə mətbuatda da çıxışlarım olub. Son qurultaydan sonra YAP-da köklü islahatlar aparıb və bunu yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu islahatlar YAP-ın fəaliyyətinə müsbət təsirini göstərəcək”, – deyə Musa Musayev əlavə edib. Azpost.info
