Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən anklavlarla bağlı İrəvanın mövqeyini açıqlayıb. O bildirib ki, məsələ elə həll edilməlidir ki, həm uzunmüddətli sülh və birgəyaşayış təmin olunsun, həm də sərhədyanı ərazilərdə yaşayan insanlar üçün əlavə problemlər yaranmasın.
Ermənistan mətbuatının məlumatına görə, Paşinyan bunu hökumətin iclasından sonra keçirdiyi brifinqdə deyib.
Baş nazir Azərbaycan və Ermənistan arasında razılaşdırılmış delimitasiya prinsipinə diqqət çəkib. Onun sözlərinə görə, bu prinsipə əsasən Artsvaşen (Başkənd) Ermənistan ərazisi, Kərki, Barxudarlı və Yuxarı Əskipara isə Ermənistan ərazisi olmayan yaşayış məntəqələri kimi müəyyən edilir.
Paşinyan bildirib ki, Bakı və İrəvan sərhədlərin delimitasiyasının 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılması barədə razılığa gəliblər.
Bu sənədə əsasən, Sovet İttifaqının dağıldığı vaxt keçmiş müttəfiq respublikalar arasında mövcud olan inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi qəbul edilir.
Paşinyan: Proses eyni prinsip əsasında davam etməlidir
Ermənistan hökumətinin başçısı bildirib ki, müvafiq xəritələr əsasında Tavuş vilayətinin Kirants kəndi istiqamətində Azərbaycan-Ermənistan sərhədinin bir hissəsinin delimitasiyası artıq həyata keçirilib.
Onun sözlərinə görə, bundan sonrakı delimitasiya prosesinin də eyni baza və prinsiplər əsasında davam etdirilməsi ilə bağlı tərəflər arasında ümumi anlayış mövcuddur.
Paşinyan anklavların taleyinin yalnız xəritə və sərhəd məsələsi kimi deyil, bölgədə yaşayan insanların gündəlik həyatına təsir edən məsələ kimi həll edilməsinin vacibliyini vurğulayıb.