Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Baş nazir Nikol Paşinyanı Qarabağla bağlı məğlubiyyət siyasəti yürütməkdə ittiham edib.
Bu barədə news.am saytı xəbər yayıb.
M.Minasyan bildirib ki, Paşinyanın hakimiyyəti dövründə “Azərbaycan Prezidenti İlham Əliyev danışıqlarda strateji və taktiki üstünlüyə nail olub. Ermənistan bunun bədəlini artıq ödəyib. Bütün bunların həzm edilməsi prosesi Nikol Paşinyanın Ermənistanda hakimiyyətdən getdiyi gündən başlayacaq”.
Yeni erməni müxalifətinin ideoloqlarından olan sabiq səfir Paşinyanı həm də fəal döyüşlərin yenidən başlanacağından qorxaraq, Azərbaycan qoşunlarının Naxçıvandan Ermənistana doğru irəliləməsinə şüurlu şəkildə yol verməkdə ittiham edib.
M.Minasyan Azərbaycan qoşunlarının 2018-ci ilin yazındakı qalib irəliləyişini xatırladıb: “Məhz bu, azərbaycanlılara erməni kəndlərinə yaxınlaşaraq 5 kilometrlik məsafəni 750-1500 metrədək azaltmaq imkanı yaratdı. Çünki onlar Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan bu hissəni ələ keçirmək, erməni kəndlərini, ən əsası da Yerevandan Gorusa qədər olan strateji yolu atəş altında saxlamaq istəyirdilər”.
Ermənistanın müxalifət liderlərindən biri, həmçinin təsdiq edir ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İ.Əliyev artıq nəzarət altına alınan nöqtələri, yeni mühəndis-istehkam qurğuları və tam təchizat üçün infrastruktur yaradaraq möhkəmləndirməyə başlayıb. “Əminliklə deyə bilərəm ki, Ermənistan ordusunun nəzarətindən çıxmış 2000 hektardan çox ərazini itirilmiş hesab edə bilərik”,– deyə Ermənistanın keçmiş prezidentinin kürəkəni vurğulayıb.