Pele və Ancelina Coli Ukrayna ilə həmrəylik ifadə etdilər
Dünyanın idman və mədəniyyət ulduzları Rusiyanın işğalı ilə bağlı Ukraynaya dəstək və həmrəylik ifadə ediblər. Onların arasında futbol əfsanəsi Pele və ABŞ-ın Milli Basketbol Liqasının (NBA) oyunçuları da var.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi braziliyalı futbolçu Pele Rusiyanın başlatdığı müharibə ilə bağlı dərin kədər hissi keçirdiyini deyib: “Ukrayna xalqı ilə həmrəyəm. Dua edirəm və Allahdan sülh, azadlıq və sevgi diləyirəm”. Xəstəxanada olan 81 yaşlı dünya çempionu “Tvitter”də yazıb: “İllər keçir, amma uşaqlığımdan bəri çox az şey dəyişib. Yaşadığımız faciələr bizə daha dinc dünya qurmağı öyrətməli idi”.
Məşhur amerikalı aktrisa Ancelina Coli “Instagram” paylaşımında Ukraynanı dəstəkləyib: “Bir çoxlarınız kimi, mənim də dualarım Ukraynadakı insanlar üçündir. Biz artıq itkilər və insanların təhlükəsizlik axtarışında evlərini tərk etməyə başladığı barədə xəbərləri görmüşük. Mən və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığındakı həmkarlarım məcburi köçkünlərin və qaçqınların müdafiəsi, insan hüquqlarının təmin edilməsi üçün mümkün olan hər şeyi etməyə yönəlmişik”.
Ukrayna ilə həmrəylik ABŞ-ın “Sacramento Kings” və “Denver Nuggets” basketbol klublarının oyunçuları tərəfindən də ifadə edilib. NBA-da oyun başlamazdan əvvəl onlar bir dəqiqəlik sükutla bir-birinin əlini sıxıblar. Eyni zamanda, stadionun elektron tablosunda Ukrayna və ingilis dillərində “Müharibəyə yox” yazısı əks olunub.
Azpost.info
