Pensiyaçıların bankomat kartlarından oğurluq edən şəxs tutulub

Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək kartda olan 900 manat məbləğində pulu ələ keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə kart sahibi Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edib. O, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona kömək etməsi üçün yaxınlıqdakı bir nəfərə müraciət etdiyini deyib. Lakin həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ramil Orucov Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində tutulub. O, ifadəsində törətdiyi cinayəti etiraf edib və eyni üsulla – bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən 20-dən artıq şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladığını bildirib.

Ramil Orucovdan əsasən ahıl yaşlı şəxslərin təqaüd kartlarından pul çıxarılması üçün kömək istədikləri müəyyən olunub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Ramil Orucovun Suraxanı rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı Rayon Polis İdarəsi, 31-ci polis bölməsi və ya ərazi üzrə polis idarə, şöbə, habelə Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstan Rusiya buğdasından imtina edir

Sonrakı məqalə

“Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir” –