Pentaqon paytaxt Vaşinqtonda etirazlara görə səfərbər edilmiş aktiv xidmətdə olan hərbi qulluqçuların yerdə qalan 900 nəfərini şəhərdən çıxaracaq. ABŞ rəsmisi qüvvələrin öz bazalarına tezliklə qayıdacaqlarını bildirib.
Adının açıqlanmasını istəməyən rəsmi əmrin Müdafiə Naziri Mark Esper tərəfindən imzalandığını bildirib. Onun sözlərinə görə, qoşunlar Şimali Karolinada Fort Bragg və Nyu Yorkda Fort Drum hərbi bazalarına qayıdacaq.
Qoşunlar paytaxt ərazisində olduqları zaman şəhər küçələrinə yeridilməmiş və hər ehtimala qarşı əmrə hazır vəziyyətdə saxlanmışdılar.
Ağ Evin mətbuat katibi Kayleigh McEnany çərşənbə günü müxbirlərə bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp Üsyan Aktını qüvvəyə mindirmək səlahiyyətinə malik yeganə şəxsdir, və “əgər lazım gələrsə, o bunu edəcək”.
Günün əvvəlində isə nazir Mark Esper hərbi qüvvələrdən yalnız “son vasitə” kimi istifadə edillməli olduğunu söyləmişdi.
“Biz indi həmin situasiyalardan birində deyilik. Mən Üsyan Aktını işə salmağı dəstəkləmirəm,” Esper əlavə etmişdi.
1807-ci ildə qəbul edilmiş qanun fövqəladə hallarda prezidentə iğtişaşları yatırmaq səlahiyyətləri verir.