Kürdüstan Fəhlə Partiyası (PKK) bu gün Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını və özünü buraxdığını elan edə bilər.
AzPost-un məlumatına görə, bu barədə “Middle East Eye” mənbələrə istinadən xəbər verib.
Mənbənin sözlərinə görə, mayın 5-dən 7-dək PKK qurultay keçirib və orada həbsdə olan lideri Abdullah Öcalanın müraciətini müzakirə ediblər. Fevral ayında o, 40 ildən çox əvvəl qurduğu təşkilatı silahı yerə qoymağa çağırıb.
“PKK qurultayda tarixi əhəmiyyət kəsb edən qərarların qəbul edildiyini, yaxın vaxtlarda müvafiq sənədlər və izahatlarla rəsmi şəkildə elan ediləcək”, – deyə məlumatda qeyd olunub.
Öcalan fevral müraciətində silahlı mübarizəni köhnəlmiş üsul adlandırıb. O, bütün kürd silahlı qruplarının silahı yerə qoymalı və PKK-nın mövcudluğuna son qoymalı olduğunu vurğulayıb. Bu, təkcə PKK-nın özünə deyil, onun Suriya, İrandakı strukturlarına, İraq və Türkiyədə də fəaliyyət göstərən Kürdüstan İcmaları Birliyinə (KCK) aiddir.
Mart ayında PKK rəsmi olaraq Öcalanın çağırışını yerinə yetirdiyini açıqlayıb və atəşkəs elan edib.