Azərbaycan Respublikasının Qeyri – Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc Vətənpərvərlər” İctimai Birliyi (GVİB) “Gənclərin vətənpərvərlik ruhu” adlı layihə çərçivəsində “44 günlük Zəfər Yolu və post-müharibə dövründə gənclərin rolu” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri, layihə rəhbəri Müqamət Əliyev tədbir iştirakçılarını salamlayıb və şəhidlərin əziz xatirəsinin daima qəlbimizdə yaşayacağını bildirib. Sonra bildirdi ki, “Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır. Onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğullarının çiyinlərində yüksəlir. Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!”
Azərbaycan xalqının müzəffər xalq kimi dünya xalqları arasında seçildiyini qeyd edən M. Əliyev, bu tarixi uğura görə şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandana, Prezident İlham Əliyevə borclu olduğumuzu söyləyib. Ulu öndər Heydər Əliyevin başlatdığı siyasətin bu gün də layiqincə davam etdirildiyi bildirilib. Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən Müharibəsindəki cəsarəti, inamı və qətiyyəti sayəsində bütün dünya dövlətləri haqq savaşında kimin kim olduğunu gördü. Bu uzaqgörən və müdrik siyasətin nəticəsində haqq savaşımız bir çox ölkələr tərəfindən düzgün qarşılandı.
Bu da tarixi uğur idi. Bu uğuru hər kəs öz işində, öz əməlində davam etdirməlidir. Həmçinin, könüllü şəhid məzunlarının qəhrəmanlığı, Vətən uğrunda canlarından keçməsi böyük qürur və fəxarətlə qeyd olunub.
Qazi Əhliyət Mehtidev çıxış edərək bildirdi ki, Heydər Əliyev, gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: “Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi, vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq.”
Çıxış edənlər Qazi Mahmudov Şərbət, Qazi Kərim Məmmədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şöbə müdiri İsmayıl Süleymanov, “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev cənab Prezident İlham Əliyevin uğurlu siyasəti, ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində qazandığımız şanlı qələbədən, Azərbaycanın artan qüdrətindən, həmçinin dövlətimiz tərəfindən şəhid ailələri və Vətən Müharibəsi iştirakçılarına göstərilən yüksək diqqət və qayğıdan söz açıblar.
Tədbirin sonunda Azərbaycanın qazi və qəhrəmanların döyüş yolunu əks etdirən videoçarx və fotoslayder nümayiş olunmuş, suallar cavablandırılmış və iştirakçılara, layihə çərçivəsində üzərində QHT Dövlət Dəstəyi Agentliyinin və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin loqoları əks olunmuş qovluq, bloknot, qələm və “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda inşa yazısı müsabiqəsinin birinci yerin qalibi – Tutuxanım Rəhmanova, ikinci yerin qalibi – Zeynəb Həsənzadə, üçüncü yerin qalibi – Ləman Aşirova hədiyyələr, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.
Layihə iştirakçıları əsasən 18-20 yaş arası olan gənclərdən ibarət olub. Tədbirdə könüllü gənclər, Qarabağ qaziləri, GVİB-nin İdarə Heyəti və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi və 2-ci Qarabağ döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma ilə yanaşı, həmçinin qazi və qəhrəmanlarının gənclər arasında mütamadi təbliğ olunmasıdır.
Sonda şəhidlərimizə rəhmət dilənib, qazilərimizə can sağlığı arzulanaraq xatirə şəkli çəkdirildi.