Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
Prezident İlham Əliyevə “Abşeron” yatağında quraşdırılacaq dayaq blokları və digər sualtı qurğular barədə məlumat verilib.
Bildirildi ki, “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. “Abşeron” layihəsi üzərində iş zamanı “BOS Şelf” şirkəti Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edib. Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni, “Neft daşları”nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq.
Sonra “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulmasını bildirən düymə basıldı.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.
Daha sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verdi.