Belarus Prezidenti Aleksandr Lukaşenko Belarusun müdafiəsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə Böyük Vətən müharibəsi veteranı, 95 yaşlı Tovuz sakini Rüstəm Eyvazova şəxsən təşəkkür məktubu ünvanlayıb və onu Qələbənin 75 illiyi yubiley medalı ilə təltif edib.
AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəhbərliyi medal və məktubu rayonun ucqar dağ kəndi olan Çataqda, onun evində şəxsən veteranın özünə təqdim edib. Rüstəm Eyvazov da Belarus Prezidenti Aleksandr Lukaşenkoya məktub yazıb.
“Prezident Lukaşenko Belarusda Böyük Vətən müharibəsində torpaqların müdafiəsində iştirakıma və göstərdiyim şücaətlərə görə məni yaddan çıxarmayıb medalla təltif edib. Buna görə ona təşəkkür edirəm”, – deyə Rüstəm Eyvazov bildirib.
Qeyd edək ki, Rüstəm Eyvazov Taqanroq atıcı diviziyasının tərkibində Ukrayna və Belarus uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. Onun faşistlərə vurduğu sarsıdıcı zərbə şəhər uğrunda gedən döyüşlərdə əsaslı dönüş yaradıb. Ayağından aldığı ağır xəsarətə baxmayaraq, yenidən döyüşlərə qatılıb.
Minik avtomobili ilə təmin edilən 95 yaşlı veteran Azərbaycan dövləti tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib, bunun üçün Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.