Prezidentin Kəlbəcərə təyin etdiyi xüsusi nümayəndə Bəşir Hacıyev kimdir? –Dosye

Bəşir Qüdrət oğlu Hacıyev Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini təyin edilib.

1979-cu ildə anadan olan Bəşir Hacıyev 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub.

Verilən məlumatlara görə, Bəşir Hacıyev Azərbaycanda mehmanxana idarəetməsi sahəsində ilk menecerdir. O, “İçəri Şəhər” adlı butik oteldə iş fəaliyyətinə başlayıb və on ildən çox müddət ərzində mehmanxana idarəetməsində çalışıb.

Karyerası ərzində Bəşir Hacıyev “İçəri Şəhər”, “Hale Kai Hotel”, “Balion Hotel”, “Çiraq Plaza Hotel”, “Sea Breeze Resort”, “Caspian Sea Resort” kimi otelləri idarə edib.

2010-cu ildə Azərbaycan Turizm Assosiasiyasi İdarə Heyətinin üzvü, daha sonra ASK-nın tərkibində fəaliyyət göstərən “Turizm” komissiyasının sədr müavini seçilib.

Bəşir Hacıyev eyni zamanda “Balion Group” şirkətinin təsisçisidir.

Qeyd edək ki, Bəşir Hacıyev bu vəzifəyə qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin nümayəndəliyinin baş məsləhətçisi olub.

Əvvəlki məqalə

Azərbaycan və Ermənistanın delimitasiya komissiyalarının görüşü keçirilib

Sonrakı məqalə

Dövlət qulluğuna qəbul imtahanının nəticələri