Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov hüquqşünas Aslan İsmayılova zəng vurub. Bu barədə A. İsmayılov məlumat yayıb.
O bildirib ki, buna səbəb hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı yazdığı statusdur:
“Az öncə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı statusumla əlaqədar mənə zəng edib qısa olaraq bu sahədə etdiklərini bildirdi. Eşitdiklərim barədə cəmiyyətə açıqlama verə bilərəmmi sualına isə “qərarı özünüz verin” deyib bu barədə Heydər Əliyev Fondunun öz açıqlamasının olacağını da söylədi. Açıqlamanın necə olacağını bilmirəm. Ancaq eşitdiklərimi və öz münasibətimi Sizə bildirmək istəyirəm.
İndi isə O.Gülalıyevlə bağlı ilk gündən baş verənlərlə bağlı öz gördüklərimi və bu barədə fikirlərimi Sizə çatdırıram. Həyatımda qəbul etdiyim bir qayda var. Düşməninlə belə ədalətli davranmalısan. Hadisə baş verəndən dərhal sonra müxalifət funksionerlərinin ard-arda baş vermiş hadisənin hakimiyyət tərəfindən bilərəkdən, O.Gülalıyevin hüquq müdafiə fəaliyyəti ilə bağlı olduğunu ifadə edən bəyanatları yayılmağa başladı. Özüm hadisənin baş vermə anına dəfələrlə baxdıqdan, bəzi şahidlərin, zavallı sürücünün fikirlərini öyrəndikdən sonra baş verənlərin sırf yol-qəza hadisəsi olduğuna əmin oldum. Bu barədə dərhal yazım da oldu. Həmin yazımda da məqsəd bu tip fikirlərin hakimiyyət təmsilçilərini zərərçəkənə kömək etməkdən uzaq durmamasına yönəlmişdi. Təsadüfən hadisə günü çoxdan tanıdığım, siyasətdən tam uzaq olan, məni müxalifətçi sayan, Oqtayın xəstəxanaya yerləşdirildiyi ilk andan onu müayinə edən bir həkimlə eyni məclisdə oldum. Hadisədən dərhal sonra xəstəxanada professor Adil Qeybullanın da olduğunu bildim. Həkimin ədalətli olduğu, həm də A.Qeybulla haqqında söylədiyi yüksək fikirlərdən bəlli oldu. Həkimin mənə dediklərindən utandım. Oqtayın ən ağır məqamında ora gələnlərin əksəriyyətinin məqsədi xəstəyə kömək etmək yox, hadisə yerindən bir şəkil çəkmək, reanimasiya otağında selfi etmək, bir də çığır-bağır salıb həkimləri təhqir etmək istəkləri olub. Həmin həkimin söhbət əsnasında mənə mənə dedikləri “vallah biz bilmirdik, xəstəyə kömək edək, yoxsa sənin dostlarının suallarına, iradlarına cavab verək?”.
Bundan sonra O.Gülalıyevin müalicəsi barədə intriqalar, siyasi alver başladıldı. Guya O.Gülalıyevi hakimiyyətin öldürmək istəməsi, sui-qəsdin izini itirmək üçün yararsız bir xəstəxanaya yerləşdirməsi, ona heç bir köməklik edilməməsi, Heydər Əliyev Fondu tərəfindən xəstəxana pulunun ödənilməməsi, Mübariz Mənsimovun ancaq Heydər Əliyev Fonduna görə kömək etməkdən imtina etməsi və s. barədə yazılar sosial şəbəkəni bürüdü. M.Mənsimov məcbur olub deyilənləri təkzib etdi, xəstəyə lazım olan bütün işlərin görüldüyünü, onun köməyə ehtiyacının olmadığını, sağlıq durumunun çox ağır olduğunu, ümidin ancaq Allaha qaldığını bildirdi.
Əziz Səhifə İştirakçıları, indi hər biriniz özünüzü Heydər Əliyev Fondunun əməkdaşlarının yerinə qoyun. Bu qədər çirkabdan sonra, ”özünüzə rəva bilmədiyinizi başqalarına rəva bilməyin” deyimimizi nəzərə alıb Siz özünüz hansı həvəslə O.Gülalıyevin müalicəsinə yanaşardınız?! Şantajla, böhtanla, qarayaxma ilə “kiminsə müalicəsini istəyirik” demək riyakarlıqdan başqa bir şey deyil! Bu gün Oqtay bəy komadadır və bu uzun müddət sürə bilər. Ona ediləcək hansısa müalicə isə ancaq komadan çıxdıqdan sonra ola bilər. Müxalifət düşərgəsində fəaliyyətini müsbət dəyərləndirdiyim çox az şəxslərdən biri kimi, əlbəttə Oqtay bəyin sağalmasını, bunun üçün lazım olan hər bir tədbirin görülməsini istəyirəm.
Sonda bir daha hamımıza ədalətli olmağı, görülən müsbət işə dəyər verməyi, şər-böhtandan, qarayaxmadan, siyasi al-verdən aralı durmağı arzulayıram. Belə bir durumda isə əksini etmək əxlaqsızlıqdır”.