Professor Eldar İsmayılovun Stalin repressiyası barədə kitabı Azərbaycan dilində nəşr edilib  –

FOTO
24 Oktyabr 2019 - 12:15

Tanınmış tarixçi-alim, professor Eldar İsmayılovun 2015-ci ildə Moskvanın “Rospen” nəşriyyatında dərc olunmuş “История большого террора в Азербайджане” son monoqrafiyası Azərbaycan dilində nəşr olunub.

Azpost.info bildirir ki, bu, Eldar İsmayılovun Azərbaycan dilində ilk kitabıdır. Azərbaycan Pedaqoji Universitetinin nəşriyyatında dərc edilən kitabın tərcüməçisi tarix elmləri doktoru Şəlalə Məmmədovadır. Bu barədə mərhum tarixçinin yaxınları məlumat verib.

Kitab sovet tarixinin ən dramatik dövrünə, Azərbaycan Sovet Respublikasında 1936-1938-ci illərdə baş vermiş Stalin repressiyalarına həsr olunub. Hələlik nə vətən, nə də dünya tarixşünaslığında regionlarda stalinizmin tarixinə həsr olunmuş dərin elmi tədqiqat işi yazılmayıb. Bu mənada təqdim olunan əsər mövcud olan boşluğu doldurur. Alim respublika və Rusiya arxivlərindən əldə etdiyi çoxsaylı sənədlərin təhlili əsasında Stalin repressiyalarını dərindən təhlil edir, Azərbaycan şəraitində onların xüsusiyyətlərini müəyyənləşdirir. Müəllif baş verən proseslərə haqq qazandırmamaqla obyektiv və maraqlı tədqiqat işi yarada bilib. Müəllifin fikrincə repressiyalar millətçilərin dedikləri kimi antiazərbaycan xarakteri daşımamış, “böyük terror” millətindən və dinindən asılı olmayaraq bütövlükdə sovet xalqının hər bir üzvünə təsir göstərmişdi. Eldar İsmayılov “böyük terror”u böyük faciə adlandırıb: “Vaxtilə vahid dövlətin tərkibində yaşayan çoxsaylı xalqların mərkəzi hakimiyyətə olan inamının qırılmasında əhəmiyyətli rol oynamışdı”. Eldar İsmayılovun “Властъ и народ”, Азербайджан оттепелъ, 1953-1956” əsərlərinin də Azərbaycan dilində buxarılacağı bildirilib.