Mütəxəssislərin fikrincə, xroniki stresslə mübarizə istirahət və rahatlamadan deyil, insanın vəziyyət üzərində nəzarət hissini yenidən bərpa etməsindən başlayır. Psixoloq Rodion Çepalov xroniki stressi azaltmağa kömək edən sadə və təsirli metodikadan danışıb.
AzPost xəbər verir ki, ekspertin sözlərinə görə, ilk addım kimi “təsir zonası” adlı məşqi tətbiq etmək tövsiyə olunur. Bu məşq zamanı insanı narahat edən bütün məsələlər ətraflı şəkildə siyahıya alınmalıdır.
“Daha sonra həmin problemləri üç qrupa bölmək lazımdır: birbaşa təsir edə bildikləriniz, dolayı yolla təsir göstərə bildikləriniz və tam nəzarətinizdən kənarda olanlar. Öz məhdudiyyətlərini dərk etmək daxili gərginliyin azalmasına ciddi şəkildə kömək edir”, – deyə psixoloq bildirib.
Rodion Çepalov xroniki stresslə mübarizədə ikinci faydalı üsul kimi “stresi sonraya saxlamaq” praktikasını da tövsiyə edib. Onun sözlərinə görə, gün ərzində yaranan bütün narahatedici düşüncələri şərti olaraq müəyyən bir vaxta, məsələn saat 19:30-a “təxirə salmaq” lazımdır.
“Bu vaxta qədər narahatlıqların böyük hissəsi aktuallığını itirir. Beyin isə tədricən daimi gərginlik vəziyyətində qalmağa ehtiyac olmadığını öyrənir”, – deyə ekspert vurğulayıb.
Psixoloq qeyd edib ki, bu cür metodlar stressi tam aradan qaldırmasa da, onun xroniki hal almasının qarşısını almağa və psixoloji vəziyyəti xeyli yüngülləşdirməyə kömək edir.