Pulunuz hara gedir? –Hər ay büdcəni səssizcə əridən 5 təhlükəli vərdiş

İnsanın ən təhlükəli maliyyə düşməni heç də inflyasiya və ya aşağı maaş deyil. Əsas problem bəzən özünü aldatmaq və pul xərclərinə nəzarət etdiyini düşünməkdir. Bank çıxarışları isə bu illüziyanı çox tez üzə çıxara bilər.

“The Washington Post” yazır ki, insanlar çox vaxt maliyyə vəziyyətlərinə nəzarət etdiklərinə əmin olurlar. Lakin real xərclər təhlil ediləndə mənzərə tamamilə fərqli görünə bilər.

Xırda xərclər böyük məbləğə çevrilir

Bu vəziyyət bir növ “maliyyə amneziyası” yaradır. İnsan gündəlik kiçik xərcləri əhəmiyyətsiz hesab edir. Bir fincan qəhvə, qəlyanaltı, taksi və ya kiçik onlayn alış-veriş ayrıca böyük məbləğ deyil.

Amma ay ərzində bütün bu xərclər toplandıqda kifayət qədər ciddi məbləğ ortaya çıxır.

Əsas psixoloji tələ isə insanın öz maliyyə illüziyasına inanmasıdır. Büdcəni heç vaxt yazılı şəkildə aparmadığı halda belə, onun xərclərinə nəzarət etdiyini düşünür.

1. “Mənim büdcəm var”

Ən geniş yayılmış yanlış təsəvvürlərdən biri budur.

Əgər gəlir və xərclər yalnız yaddaşda saxlanılırsa, əslində büdcə yoxdur. Xərcləri konkret rəqəmlərlə qeyd etmədən pulun hara getdiyini görmək və qənaət üçün imkanları müəyyənləşdirmək çətindir.

2. “Mənim maliyyə ehtiyatım var”

Təcili vəziyyət üçün yığılan pul hər dəfə gündəlik alış-verişə xərclənirsə, artıq bu məbləğ maliyyə təhlükəsizlik yastığı funksiyasını yerinə yetirmir.

Ehtiyat fondunun məqsədi gözlənilməz xərc zamanı insanı borca düşməkdən qorumaqdır.

3. “Kartla xərcləmək daha rahatdır”

Kart və digər nağdsız ödənişlər gündəlik həyatı asanlaşdırır. Lakin onların bir mənfi tərəfi də var: xərclədiyimiz pulu fiziki olaraq hiss etmirik.

Nəticədə insan nağd pulla müqayisədə kartdan istifadə edərkən daha çox xərcləyə bilər.

4. “Mən evdən kənarda demək olar ki, yemək yemirəm”

Bu da ən təhlükəli maliyyə illüziyalarından biridir.

İşə gedərkən alınan qəhvə, gün ərzində edilən kiçik qəlyanaltılar, axşam sifariş edilən yeməklər və həftəsonu restoran xərcləri ayrı-ayrılıqda böyük görünmür.

Lakin ayın sonunda bu xərclərin ümumi məbləği gəlirin əhəmiyyətli hissəsini təşkil edə bilər.

5. “Bunlar hamısı zəruri xərclərdir”

Yeni abunəliklər, əyləncələr və impulsiv alış-verişlər də bəzən insanın gözündə zəruri xərclərə çevrilir.

Halbuki onların bir çoxundan imtina etməklə həyat keyfiyyətini ciddi şəkildə azaltmadan büdcəyə qənaət etmək mümkündür.

Pulun hara getdiyini öyrənməyin sadə yolu

Maliyyə problemləri adətən bir gündə yaranmır. Onlar xırda xərclərə uzun müddət diqqət yetirməməkdən formalaşır.

Maliyyə vəziyyətinə nəzarəti bərpa etmək üçün ən sadə üsullardan biri son 6 ayın bank çıxarışlarını nəzərdən keçirmək və bütün xərcləri kateqoriyalar üzrə bölməkdir.

Bu zaman insanın özünə söylədiyi “mən o qədər də çox xərcləmirəm” fikri ilə real rəqəmlər arasındakı fərq aydın görünə bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.