Püstənin faydaları: Banan və kartofu üstələyir, amma kimlərə zərərlidir?

20.10.2026 · 19:51 · Katogriyasız

Adi püstə kaliumun miqdarına görə banan və kartof kimi məşhur məhsulları üstələyir. Bu çərəzin hər 100 qramında 1020 mq kalium olduğu bildirilir. Yaşıl rəngli püstə həm də bitki mənşəli zülal, faydalı lif və antioksidant mənbəyidir. Bu maddələr birlikdə ürəyin fəaliyyətini dəstəkləyə bilər.

Bu barədə planeta.pl nəşri yazır.

Doymamış yağ turşuları və fitosterollar ürək-damar sisteminə fayda verə bilər. Zərərli qəlyanaltıları püstə ilə əvəz etmək xolesterin səviyyəsinin azalmasına və arterial təzyiqin sabitləşməsinə kömək edə bilər.

Karotinoidlər, E vitamini və polifenollar hüceyrələri oksidləşdirici stressin zərərli təsirlərindən qorumaqda iştirak edir. Püstə ləpələrinin xarakterik zümrüd rəngi isə tərkibindəki bitki piqmentləri ilə bağlıdır.

Püstə digər çərəzlər arasında B6 vitamininin yüksək miqdarı ilə də seçilir. Bu vitamin neyromediatorların sintezi və sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Tərkibindəki mis, maqnezium və fosfor sümük toxumasının sağlamlığını dəstəkləyir, əzələlərin fəaliyyəti üçün lazım olan proseslərdə iştirak edir.

Zülal və qida lifləri ilə zəngin olması püstənin toxluq hissini uzatmasına kömək edə bilər. Buna görə də o, şirniyyatlara alternativ qəlyanaltı kimi istifadə oluna bilər. Dietoloqlar gündə 25–30 qram, yəni təxminən bir kiçik ovuc püstə yeməyi məsləhət görürlər. Ən münasib seçim duz, şəkər və əlavə dad gücləndiriciləri olmayan təzə və ya azca qurudulmuş püstədir. Püstəni ayrıca qəlyanaltı kimi yemək, səhər yulaf sıyığına, yaşıl salatlara, smuzilərə və balıq yeməklərinə əlavə etmək olar. Əsas məsələ birdəfəyə çox yemək deyil, ölçülü miqdarda müntəzəm istehlakdır.

Bununla belə, püstənin qida dəyəri yüksək olsa da, kalorisi də az deyil: 100 qramında təxminən 560 kilokalori var. Buna görə yeyilən miqdara nəzarət etmək vacibdir.

Həddindən artıq duzlu püstə arterial təzyiqin yüksəlməsi riskinə görə məsləhət görülmür. Böyrək xəstəliyi olan insanlar isə kaliumun yüksək miqdarını nəzərə alaraq ehtiyatlı olmalıdırlar. Püstənin təzəliyinə və saxlanma şəraitinə də diqqət yetirmək lazımdır: düzgün saxlanmadıqda kif yarana və sağlamlıq üçün təhlükəli aflatoksinlər əmələ gələ bilər.

Sunay Aydın

AzPost.az