Putin prezident İlham Əliyevdən üzr istədi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.

Dövlət başçıları həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.

 

**

Rusiya prezidenti Putin Azərbaycan prezidentinə zəng edib. Liderlər AZAL sərnişin təyyarəsinin qəzasını müzakirə ediblər.

Azpost.info bildirir ki, bu barədə Kremldən bildirilib.

Vladmir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verməsi ilə əlaqədar İlham Əliyevdən üzr istəyib, həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib.

“Putin Aktauda qəzaya uğrayan sərnişin gəmisinin dəfələrlə Qroznı hava limanına enməyə cəhd etdiyini vurğulayıb. Söhbət zamanı Ukrayna PUA-larının həmin vaxt Qroznı, Mozdok və Vladiqafqaza hücum etdiyi və Rusiya hava hücumundan müdafiə sistemlərinin bu hücumları dəf etdiyi qeyd edilib”, – açıqlamada deyilir.

Bundan əlavə, Rusiya İstintaq Komitəsi Qazaxıstanın Aktau şəhərində Bakı-Qroznı təyyarəsinin qəzaya uğramasından sonra Cinayət Məcəlləsinin 263-cü (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma). cinayət işi açıb.

İbtidai istintaq hərəkətləri aparılır, mülki və hərbi mütəxəssislər dindirilir.

Hazırda Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı Qroznıdadır və orada Rusiya Baş Prokurorluğu və İstintaq Komitəsinin nümayəndələri ilə birgə işləyirlər. Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstanın müvafiq xidmətləri Aktau şəhəri yaxınlığında baş vermiş təbii fəlakət yerində sıx əməkdaşlıq edir.

 

Əvvəlki məqalə

Avropa ölkələri ilə münasibətlər uğurla davam etdirilib –

Sonrakı məqalə

DYP-dən XƏBƏRDARLIQ: sabah bu qaydalara əməl edin