“Putin tarixi səhvə yol verdi” –
“Bu müharibə ilə Putin siyasi “intihara” imza atdı. Bunu etməsəydi, Rusiyanı ömrünün sonuna kimi idarə edə bilərdi. İndi o, Kiyev və Xarkovu ələ keçirsə belə, qalib gələ bilməz”.
Azpost.info xəbər verir ki, bunu mühacirətdə olan tanınmış rusiyalı müxalifətçi Mixail Xodorkovski “France 24” telekanalına müsahibəsində deyib.
Xodorkovskinin sözlərinə görə, Putin Ukraynaya hücum etməklə tarixi səhvə yol verib: “Hücum əmri emosional addım idi və bu, Rusiya liderində getdikcə “qocalıq paranoyası” əlamətlərinin özünü büruzə verməsindən xəbər verir”.
Eyni zamanda Xodorkovski qeyd edib ki, Putin klinik mənada dəli deyil: “Putin Ukraynaya hərbi müdaxiləyə hazırlaşarkən çoxlu səhvlərə yol verib. Buna qismən də bütün avtoritar liderlərin yaşadığı təcrid səbəb olub. İyirmi ildir ki, Rusiya prezidenti həqiqəti deməyə cəsarət etməyən müşavirlərin əhatəsindədir. Ona görə də Ukrayna müqavimətinin miqyasını lazımınca qiymətləndirməyib, ukraynalıların Rusiya hərbçilərini gül-çiçəklə qarşılayacaqlarını düşünüb”.
Xodorkovski indiki Rusiya rejiminin bir neçə il ərzində dağılacağını proqnozlaşdırır. O bildirib ki, Rusiya cəmiyyəti Kremlin təbliğatına və müstəqil mediaya qarşı təqiblərinə görə müharibəni dəstəkləsə də, rus əsgərləri evə tabutda qayıtdıqca və əhali iqtisadi sanksiyaların, beynəlxalq təcridin nəticələrini yaşamağa başladıqca bu müsbət münasibət dəyişəcək.
Azpost.info
