Putin Ukrayna üzrə danışıqlarda yeni məsul şəxs təyin edib

11 Fevral 2020 - 23:50

Kreml çərşənbə axşamı Ukraynada doğulmuş rus əsilli bir rəsminin Moskva ilə Ukrayna əlaqələrini idarə etmək üçün məsuliyyət daşıdığını bildirib. Bu addım Kiyevin bəzi siyasətçilərinin münasibətlərin bir qədər yumşaldığına daha bir sübut kimi qiymətləndirilə bilər.

Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın Kremlin Ukraynada yüksək səlahiyyətli rəsmisi olduğunu deyib.

Hüquqşünaslıq üzrə təhsil alan Dmitri Kozak sovet Ukraynasında doğulub.

Kiyevdə çoxlarının sərt xətt tərəfdarı kimi tanıdığı Vladislav Surkov bundan öncə Rusiyanın Ukrayna ilə münasibətlərinə görə məsuliyyət daşıyaraq, bu rolda vasitəçi kimi çıxış edib və Putinə məsləhətlər verirdi. Peskov Surkovun hələ də Kremldə işlədiyini desə də, detallara varmayıb.

Moskva ilə Kiyev arasında münasibətlər 2014-cü ildə Rusiyanın Ukraynanın Krım bölgəsini ilhaq etməsi və Moskvanın dəstəklədiyi separatçıların Ukraynanın şərqindəki Donbasda üsyana başlamasından sonra pozulub. Münaqişə 13 mindən çox insanın ölümü ilə nəticələnib. Rusiya isə münaqişədəki hər hansı rolu olduğunu inkar edir.

Rusiya və Ukrayna Donbasda sülh sazişinin necə icra edilməsi ilə bağlı mübahisələr aparır, tərəflər arasında böyük fikir ayrılıqları qalmaqdadır və münasibətlər tam normallaşmadan çox uzaqdır.

Ukrayna prezidenti Volodimir Zelenskinin hakimiyyəti dövründə dekabr ayında Rusiya, Fransa və Almaniya liderləri ilə Parisdə keçirilən sülh sammitindən sonra bəzi irəliləyişlər olub. Bunun ardınca genişmiqyaslı məhbus mübadiləsi baş verib.