Putin və Ərdoğan “enerji körpüsündə”-

“Türk axını”nın təkcə ventelini açmaq qalıb
08 Yanvar 2020 - 01:55

Türkiyə və Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan “Türk axını” layihəsində təkcə bir iş qalıb, o da ventilləri açmaqdır. “Türk axını” boru kəməri ilə təbii qazın nəqlinə start vermək üçün iki liderin əmri gözlənilir.

Azpost.info bildirir ki, bu barədə “Sabah” qəzeti  yazıb.

Türkiyə enerji körpüsüdür

8 yanvar 2020-ci ildə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putinin iştirakı ilə “Türk axını” qaz kəmərinin rəsmi açılış mərasimi keçiriləcək.

Başlanğıcını Rusiyanın Anapa şəhərindən götürən, Qara dənizdən keçən 930 kilometr uzunluğa malik, iki cərgəli boru kəməri ilə birləşən yerüstü terminal İstanbuldan 100 kilometr uzaqlıqda yerləşir. Kıyıköy terminalı Türkiyənin energetika sahəsindəki gələcəyini müəyyənləşdirən bazaya çevriləcək.

Avropanın təhlükəsiz enerji təchizatının təminatçı olacaq Transanadolu qaz kəmərinin (TANAP) başa çatmasının ardınca Türkiyə yaxın gələcəkdə “Türk axını” üzrə də qaz əldə etməyə başlayacaq. Layihə istifadə verildikdən sonra Türkiyə Cənubi və Cənub-Şərqi Avropa arasında enerji körpüsü olacaq, regional enerji bazarında strateji vəziyyətini möhkəmlədəcək. Bundan başqa, Türkiyə bir tərəfdən özünün enerji təhlükəsizliyini gücləndirəcək, digər tərəfdən Avropaya qaz tranzitindən gəlir əldə edə biləcək.

Gözlənildiyindən iki dəfə sürətli

Ümumi illik buraxıcılıq qabiliyyəti 31,5 milyard kub metr olan “Türk axını” qaz kəmərinin hər xətti 930 kilometr uzunluğundadır. Boru xəttinin tikinti işləri planlaşdırılandan iki dəfə tez başa çatıb. Başlanğıcda gündə 2,5 kilometr boru döşənəcəyi gözlənilsə də, işlər irəlilədikcə orta döşəmə sürəti sutkalıq 5 kilometrə çatıb.

15 milyon ev təsərrüfatının illik ehtiyaclarını ödəyəcək qaz kəmərinin quru hissəsinin tikintisi ilə məşğul olan baş mühəndis Ero Yazıcı xəttin Bolqarıstana qədər olan hissəsinin hazır olduğunu vurğulayıb. Ölkələr razılaşsa, təbii qaz Bolqarıstanın daxili bazarına da tədarük edilə bilər. (Xpressa)