“Putin xahiş etdi ki, Paşinyan bəyanata canlı yayımda imza atmasın” –

Prezident İlham Əliyev
24 Sentyabr 2021 - 12:41

Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı silahlı münaqişənin həllində fəal rol oynadı”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.
“Bu, 8 noyabr axşamı idi. 9 noyabrda biz yenidən zəngləşmək barədə razılaşdıq, çünki Vladimir Vladimiroviç baş verən hadisələrdə çox aktiv rol oynayırdı. O, mənim mesajlarımı Paşinyana çatdırırdı, ondan olan mesajları isə mənə ötürürdü. Bu razılaşma gecəyə qədər getdi və gecə yarısını keçdi. Bakı vaxtı ilə bu, 10 noyabr idi. Ona görə də biz onu 10 noyabr bəyanatı adlandırırıq, Moskvada isə o zaman 9 noyabr idi”.

Azərbaycan Prezidentinin sözlərinə görə, Vladimir Putin xahiş etdi ki, Paşinyan bəyanata imzanı canlı yayımda atmasın: “Rusiya Prezidenti çox həssas, incə adamdır, hər kəsə çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, çünki mənə Paşinyanın alçaldılması ilə bağlı əlavə hansısa anlar lazım deyil. Ona görə ki, bu insanın yox, ölkənin təhqiridir, bunu isə biz özümüzə rəva görə bilmərik”.

İlham Əliyev Putinlə Qarabağdakı müharibə haqqında ilk dəfə 7 oktyabrda danışdığını bildirib: “Təbii ki, biz Rusiya Prezidenti Vladimir Putinlə hərbi fəaliyyətlərin fərqli mərhələlərində nizamlı kontakt saxlayırdıq. Müharibə başlayandan sonra bizim ilk telefon danışığımız 7 oktyabrda – onun ad günündə baş tutdu. Ənənəvi olaraq mən Vladimir Vladimiroviçi təbrik etdim. Bu bizim ilk telefon kontaktımız idi, o zaman isə artıq hərbi fəaliyyətlərin başlanmasından 10 gün keçirdi. Biz həmçinin müharibəni necə dayandırmaqla bağlı məsələləri müzakirə etdik”. (EDNews.net)