Rusiya Prezidenti Vladimir Putin gələn ay Ukraynada müharibənin dayandırılmasını müzakirə etmək üçün ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüş keçirməyi təklif edib.
Bu barədə bazar günü “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Trampın son vaxtlar Putinə doğru atdığı addımlar, o cümlədən Rusiya dizel yanacağının ixracı ilə bağlı razılaşma və yeni sanksiyalar haqqında qanunun tətbiqindən imtina qərarı Ukrayna, eləcə də onun Avropadakı və Vaşinqtondakı müttəfiqləri tərəfindən ciddi tənqid olunub.
Nəşrin məlumatına görə, Putin üçtərəfli sammit ideyasını oktyabrın 9-da Trampla telefon danışığı zamanı irəli sürüb. Bu barədə qəzetə danışıqların təfərrüatlarından xəbərdar olan Rusiyanın keçmiş kəşfiyyat əməkdaşı məlumat verib. Həmin danışıq zamanı ABŞ-ın Rusiya dizel yanacağını alması və onun beynəlxalq bazarlarda satışına yardım göstərilməsi ilə bağlı da razılıq əldə olunub.
Kremlin mətbuat katibi Dmitri Peskov “The Wall Street Journal”a tərəflərin görüş keçirilməsi ehtimalını müzakirə etdiklərini təsdiqləyib. Bununla belə, o vurğulayıb ki, nə sammitin keçirilməsi, nə də onun gündəliyi ilə bağlı hələ yekun razılaşma var.
ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi nəşrə bildirib ki, Tramp görüşdə iştirak etməyə hələ razılıq verməyib. Bununla belə, Ukraynada müharibəni dayandıracağına dair dəfələrlə verdiyi vədləri nəzərə alaraq, bu təklifi nəzərdən keçirə bilər.
Tramp bazar günü bildirib ki, Ukraynada sülh danışıqlarından Putini uzaqlaşdırmaq istəmədiyi üçün Rusiya ilə müəyyən razılaşmalar əldə edib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bazar günü “Bloomberg News”a müsahibəsində Trampı Kiyevi Rusiyaya güzəştə getməyə məcbur etməyə çalışmaqda ittiham edib. İki lider arasında münasibətlər getdikcə pisləşir.
Qəzetin yazdığına görə, Putin görüşün mümkün məkanlarından biri kimi Çinin Şençjen şəhərində noyabrın 18–19-da keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin meydançasını təklif edib.
Ukrayna məsələsinə həsr olunan, lakin Zelenskinin iştirak etməyəcəyi sammit qeyri-adi diplomatik addım olardı. Bu, böyük ehtimalla, Kiyevin və onun müttəfiqlərinin etirazına səbəb olardı.
Orxan Əlizadə

