Putinin şəriksiz söz sahibinə çevrildiyi MƏKAN –Tramp nə üçün MDB-dən əlini üzüb?  (TƏHLİL)

Gürcüstanın xarici işlər naziri David Zalkalianinin rusiyalı həmkarı Sergey Lavrovla görüşü böyük rezonans doğurdu. ABŞ diplomatlarının bu görüşə reaksiya verməsi danışıqların strateji xarakterindən xəbər verirdi.

Gürcüstan prezidentinin bu görüşlə bağlı açıqlaması da maraqlıdır. Salome Zurabişvili BMT Baş Assambleyasının 47-cü sessiyasının gedişində çıxışını xatırladıb: “Öz çıxışımda mən aydın şəkildə dedim ki, əraziləri işğal altında olan və bu cür münaqişə ilə üzləşən ölkə üçün iki yol var – müharibə, hası ki, biz ondan imtina etmişik, ikinci yol – bu diplomatiya və dialoqdur. Gürcüstan bu yoldan istifadə etməyə bilməz və özünə qapana bilməz”. Zurabişvili ABŞ, Avropa İttifaqının da bu görüşü müsbət dəyərləndirdiyini və Gürcüstanın cəhd etməli olduğunun vurğulandığını diqqətə çatdırıb.
Görünən budur ki, Tblisidə Moskva ilə açıq təmaslara başlamağa qərar veriblər. İstisna deyil ki, bu 2020-ci ilə hesbalanmış strategiyanın tərkib hissəsidir. 2020-ci ildə Gürcüstanda parlament seçkiləri keçiriləcək və Moskvanın dəstəklədiyi Bdzina İvanişvilinin partiyası üçün yeni fürsətlər yaratmaq məqsədi güdür. Son 3 ildə Gürcüstan müxalifəti xeyli möhkəmlənib və artıq İvanişvilinin etimad limiti də azalıb. Moskva heç bir halda yenidən Saakaşvili tərəfdarlarının hakimiyyətə gəlməsinə imkan verə bilməz. Bu kontekstdə istina deyil ki, Moskva hansısa güzəştlərlə yenidən İvanişvilinin hakimiyyətdə qalmasını təmin etməyə qərar verə bilər.
Ümumiyyətlə, son vaxtlar ərazi münaqişələrinə cəb olunan MDB ölkələrindən Ukrayna və Gürcüstanın Moskva ilə danışıqlar aparmaq səyləri diqqətdən qaçmamalıdır.

Gürcüstanın da Kiyevin ardından Moskva ilə birbaşa danışıqlara başlaması və hansısa yolla dil tapmağa çalışması, hər iki tərəfin müharibə variantını istisna etməsi ümumi bir prosesin tərkibi kimi dəyərləndirilə bilər. Bu proses ABŞ və Tramp komandası, Fransa və Avropa İttifaqının Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırması, bu yanaşmanın hazırda aktuallaşmasıyla əlaqədardır.

Fransa prezidentinin “Böyük yeddilik” ölkələrinin bu ölkədə keçirilən sammitindən əvvəl Rusiya prezidentini dəvət etməsi və danışıqlar aparması, bu toplantıdan sonra səfirlərə görüşündə Moskva ilə əməkdaşlığın vacibliyini vurğulaması bütün dünya üçün ciddi siqnal oldu. Bunun ardından prezident Trampın ukraynalı həmkarına faktiki olaraq Putinlə anlaşmağı tövsiyyə etməsi Rusiyaya münasibətin dəyişməsinin bariz nümunəsi oldu.

Müşahidə olunur ki, Rusiyanın ən azı yaxın bölgələrdə, postsovet çoğrafiyasında, Yaxın Şərqdə və digər regionlarda təsir imkanları artıq əvvəlkindən daha çox nəzərə alınır.

Postsovet çoğrafiyasında Rusiyanın arbitr rolu Tramp komandası tərəfindən qəbul olunur. Yaxud, başqa sözlə desək, Vaşiqnton əvvəlki kimi bu bölgələrə diqqət ayırmır, yaxud ayıra bilmir, ya da ki, zəruri hesab etmir. Güc nisbətində bu cür transformasiya ərazi münaqişəsi ilə üzləşən ölkələri yenidən Moskvaya üz tutmağa vadar edir. ABŞ prezidenti ilə Ukrayna prezidentinin telefon danışığının mətninin açıqlanması məlum etdi ki, Avropa İttifaqı ilə bağlı Kiyevdə çox bədbindirlər. Vaşinqton isə əvvəlki səviyyədə və inadkarlıqla Ukraynanı dəstəkləməyə hazır deyil. İran və Türkiyənin Rusiya ilə əməkdaşlığı, bu ölkələrin xeyli dərəcədə xarici siyasət məsələlərində Kremlin yanaşmasından asılılıqlarının yaranması da Rusiyaya əlavə xal qazandırmaqdadır.
Bütün bunlar Azərbaycanda da təhlil edilməli və müvafiq korreksiya fəaliyyəti həyata keçirilməlidir.

Zaur İbrahimli

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Fransa-Qafqaz dostluq qrupu sədrini qəbul edib –

Sonrakı məqalə

Rafael Cəbrayılov deputatlıqdan istefa verdi –