“Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə qiyməti aşağı sala bilmərik”

- Məleykə Abbaszadə
18 Dekabr 2019 - 14:55

“Azərbaycanda qəbul imtahanlarında ödənişsiz iştirak etmək üçün hər insanın bir şansı var. Həmin imtahanın haqqını hökumət ödəyir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, birinci imtahanda hər kəs pulsuz iştirak edir: “Buna görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur. Yalnız ikinci şansı istifadə etmək istəyənlər həmin imtahanın qiymətini ödəyir. Yeni imtahanları, yeni tələbləri və imtahan nəticələrini araşdırmaq, onu həyata keçirmək üçün daha çox insan, qurğu cəlb etmək lazım olur. Bu baxımdan imtahanların qiymətləri o qədər də yüksək deyil. Özbəkistandan gələn heyət Azərbaycanda bizim işimizlə maraqlandılar. Onlarda bu qiymətlər orta əmək haqqının yarısını təşkil edir. İmtahanın qiyməti həmin imtahanın keçirilməsinə sərf olunan vəsaitdən asılıdır. Yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin qane etmədiyini söyləyirlər. Belə olan halda biz qəbul imtahanlarında iştirakla bağlı qiymətləri aşağı sala bilmərik”.