Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən “Qadınların özünüməşğulluq imkanlarının artırılması” layihəsi çərçivəsində təşkil edilən təlimlər 24 iyun 2026-cı il tarixində “Qadınların sosial bacarıqlarının artırılması” mövzusu ilə davam etdirilib.
Layihənin təlimçisi Sədaqət Qəmbərova təlimin 2-ci gününün proqramı və əsas mövzularla bağlı iştirakçılara məlumat verib. Daha sonra sahibkarlıq fəaliyyətinə həsr olunmuş ilk günlə bağlı iştirakçılar öz təəssüratlarını paylaşıblar. Qeyd edək ki, qadınlar təlimdən sonra onlayn ticarətlə bağlı biznesə maraq göstərdiklərini bildiriblər. Qadınların dediyinə görə, bu sahə onlara vaxtı daha səmərəli idarə etməyə və əlavə gəlir əldə etməyə imkan yaradar. İştirakçılardan Aynurə Abasova bijuteriya və aksesuarların hazırlanması, Zəhra Əhmədova şirniyyat və yeməklərin hazırlanması sahəsində bacarıqlı və kiçik biznes yaratmaqda maraqlı olduqlarını söyləyiblər.
Təlimin 2-ci günü qadınların sosial və ya “yumşaq bacarıqlar”ının yaxşılaşdırılması mövzusuna həsr olunub. Qadınlara səmərəli ünsiyyətin qurulması, mübahisələrin həlli, vaxtın effektiv idarə olunması, işgüzar əməkdaşlığın yaradılması və SWOT- təhlil vasitəsilə özünüqiymətləndirmə kimi mövzular təqdim olunub.
İştirakçılara praktiki iş kimi “özünüqiymətləndirmə” tapşırığı verilib. Onlar SWOT metoduna uyğun olaraq öz güclü və zəif keyfiyyətlərini, bizneslə bağlı imkan və təhlükələri qeyd ediblər. İştirakçıların əksəriyyəti öz zəif cəhətləri kimi risk etmək, ünsiyyət qurmaq və əməkdaşlıq yaratmaq, emosiyalarını idarə etməkdə çətinlik çəkdiklərini qeyd ediblər. Güclü cəhətləri kimi məsuliyyətli, çalışqan və iradəli olduqlarını və bir çox sahələrdə rəqabətin əsas təhlükə olduğunu bildiriblər.
Təlim zamanı Power Point təqdimatı, müzakirə və sual-cavab metodundan istifadə edilib və interaktiv formada keçib.

