“Qarabağda döyüşmək üçün ayda 2000-2500 dollar təklif edirdilər” –

Livanlı muzdlunun məhkəmsində ifadələr
08 İyun 2021 - 12:52

Yasamal rayon Məhkəməsində Azərbaycana qarşı terrorçuluqda təqsirləndirilən Livan vətəndaşının məhkəmə iclasında onun qeyri-qanuni yaşadığı Maral Nazaryanın istintaqa verdiyi videoifadə elan olunub.

M.Nazaryan bildirib ki, təqsirləndirilən şəxs pul müqabilində Qarabağda azərbaycanlılara qarşı döyüşüb: “Eulcekcian Viken Abrahamla biz Beyrutdan Ermənistana gəldik və hoteldə yerləşdirildik. Daha sonra bizi Şuşadakı hotelə yerləşdirdilər. Həmin vaxt o Hovak adlı Livan vətəndaşı ilə telefonla danışdı. Hovak ona təklif elədi ki, müharibədə döyüşmək üçün ayda 2000-2500 dollar verirlər. Bundan əlavə maaş da verəcəklər. Viken onunla razılaşdı. Mən ona etiraz etdim ki, sən Ermənistan vətəndaşı deyilsən və bu gələcəkdə bizə problem yaradacaq. Çünki biz yenidən Livana qayıtmaq istəyirdik. Amma pandemiyaya görə qalmışdıq. Biz müharibədən əvvəl Livana qayıtmaq istəsək də onun sənədləri düz olmadığı üçün buraxmadılar. Mən də Livana gedib bir müddət qalandan sonra Ermənistana qayıtmalı oldum.

Müharibə başlayanda Viken döyüşlərə getdi. 3-4 gündən sonra qayıtdı və dedi ki azərbaycanlılar çox güclüdür, muzdlular hamısı öldü, mən qaçdım. Biz daha sonra Laçına gəldik. Noyabrın 10-da eşitdik ki, müharibə qurtarıb. Biz Şuşadakı hoteldən əşyalarımızı götürməyə gələndə Azərbaycan hərbçiləri bizi tutdular. Vikenin telefonunda döyüşdüyü şəkilləri görüb onu saxladılar”.

Prosesdə əvvəlcə Maral Nazaryanın ifadəsi ilə razılaşmayan təqsirləndirilən şəxs Eulcekcian Viken Abraham prosesdə onun səngərdən video və fotoları nümayiş olunandan sonra ittihamlarla razılaşmalı olub. Bildirib ki, guya o səngərdə şəkil çəkdirməyə gedib, amma döyüşməyib.

Qeyd edək ki, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul etmiş, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.