Qazaxıstanda terrorçu kimi tutulan şəxs məşhur qırğız musiqiçisi çıxdı –

Bişkek Astanaya nota verdi (FOTO)
09 Yanvar 2022 - 14:09

Qazaxıstanda güc strukturlarının telekanallarda qırğız terrorçusu kimi təqdim etdikləri şəxsin məşhur caz musiqiçisi olduğu məlum olub.

Azpost.info bildirir ki, bu ittihamla Almatıda kütləvi iğtişaşlar zamanı saxlanılmış şəxsin Qırğızıstanın tanınmış caz ifaçısı Vikram Ruzaxanov olduğu üzə çıxıb.

TV-lərdə yayılan bu kadrlarda döyülmüş, sifəti əzilmiş şəxs deyir ki, guya işsiz olduğu üçün Qazaxıstana gəlib və ona 200 dollar müqabilində iğtişaşlarda iştirak etmək təklif olunub.

Bu kadrlar efirə gedən kimi həmkarları onu tanıyıblar: “Bu ki, məşhur caz ifaçısı Vikram Ruzuxanovdur. O konsert vermək üçün tez-tez Qazaxıstana gedirdi. Caz musiqisi dairələrində onu çoxları tanıyır. Onu buraxın, saxta ittihamla saxlanılıb. O musiqiçidir”-deyə Azis Abakirov yazıb.

Ruzuxanovun qohumları bildiriblər ki, artistlə əlaqə saxlaya bilmirlər. Qırğızıstan XİN-i musiqçinin hansı şəraitdə saxlanıldığını araşdırır.
Qırğızıstan hakimiyyəti Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinən Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı Qazaxıstana nota göndərib.
bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.

Onun sözlərinə görə, Qırğızıstan tərəfi Qazaxıstan hüquq-mühafizə orqanları əməkdaşlarının Qırğızıstanın “hörmətli vətəndaşı, musiqiçisi və ictimai xadimi”nə qarşı əsassız ittihamlarından narazı qalıb.

Taşiyev əminliklə bildirib ki, Qazaxıstanda saxlanılan qırğız musiqiçisi Vikram Ruzaxunov terrorçu ola bilməz:

“Çox güman ki, o, yanlış zamanda yanlış yerdə olub”.

Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan və iğtişaşlarda iştirakda ittiham olunan Ruzaxunov tez-tez Alma-Atada qastrol səfərində olub.