Fevralın 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradovu qəbul edib.
İdarənin mətbuat xidmətindən bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidentinin ali himayə və dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi ənənəvi Qlobal Bakı forumlarının əhəmiyyətini və beynəlxalq dəyərini yüksək qiymətləndirib, belə yüksək forumların Azərbaycanın dünyadakı nüfuz və etibarının təzahürü olduğunu vurğulayıb.
R.Muradov məlumat verib ki, Azərbaycanda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verməkdir. Beynəlxalq qurum rəsmisi Azərbaycan Prezidentinin dəstəyi ilə həyata keçirdikləri layihə və tədbirlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, çoxşaxəli, geniş beynəlxalq əlaqələrə malik dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıqda maraqlıdırlar.
Görüşdə iki qurum arasında ümumi maraq kəsb edən məsələlər, birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Sonda Qafqaz Müsəlmanları İdarəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.
