QMİ pandemiya dövründə dövlətə necə dəstək oldu?

27 May 2021 - 01:55

Nazirlər Kabineti yanında Operativ Qərargah iyun ayının 1-dən etibarən karantin şərtlərinin yumşaldılması barədə qərar qəbul edib. Bu sırada açıq havada maska taxılmasının ləğvi, metronun açılması, rayonlararası avtobusların hərəkətinə icazə və s. daxildir.

Qərarda iyunun 14-dən dini ibadət yerlərinin, məscidlərin açılması da yer alır. İnanclı insanlar bu tarixdən etibarən məscidlərdə namaz qıla, dua edə bilərlər. Bu zaman pandemiya şəraiti üçün vacib olan şərtlər gözlənilməlidir.

2020-ci ildən bu yana Azərbaycan dindarları öz mənəvi gücünü ortaya qoyaraq pandemiya şəraitinin tələb etdiyi məhdudiyyətlərə riayət etdilər. Müqəddəs bayramların, dini günlərin və mərasimlərin təxirə salınması sadə qərar deyildi. Bunun üçün cəmiyyətin nəbzi və reaksiyası mühüm əhəmiyyət daşıyırdı. Yüz minlərlə inanc adamı bu bir il ərzində dövlətin müəyyən etdiyi xüsusi qaydalarla yaşadılar.

2020-ci il Qafqaz Müsəlmanları İdarəsi üçün də mürəkkəbliyi və çətinliyi ilə yadda qaldı. Azərbaycanlı din xadimləri pandemiyanın çətin şərtləri altında qalan cəmiyyətə mənəvi dəstək oldular.

QMİ pandemiyanın ilk günündən etibarən bu bəlaya qarşı aparılan tədbirlərin ilk sıralarında yer aldı. Şeyxülislam Allahşükür Paşazadənin bu müddət ərzində ölkə dindarları ilə birgə dövlətin virusa qarşı apardığı mübarizəsində köməyini əsirgəmədi. Dini müstəvidə hər hansı çaşqınlığa, “kənar maraqların” müdaxiləsinə yol verməmək üçün QMİ sədri özünün bütün səyini ortaya qoydu.

Şeyxülislam ilk günlərdən ölkə müsəlmanlarına müraciət edərək onları tibbi qaydalara və karantin tədbirlərinə ciddi riayət etməyə çağırdı. İlk həftələr və aylar ictimai rəydə koronavirusla bağlı ən müxtəlif mövqelərin ortada olduğu bir zamanda QMİ sədrinin vəziyyəti səbrlə dini kəsimə izah etməsi zəruri məqamlardan oldu.

Vəziyyət doğurdan da gözlənilməz idi.

Azərbaycanda son dəfə məscidlər kütləvi şəkildə ateist SSRİ dövlətində bağlanmışdı. Müstəqli Azərbaycanın son 30 ilində Allah evləri daima inanclı insanların üzünə açıq olub və dövlətin dəstək verdiyi dini siyasətin aparıcı xəttini təşkil edib.

Pandemiya ilə bağlı QMİ-nin verdiyi bəyanatda virusun fəsadlarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlara tapşırıq və tövsiyələr verildiyi açıqlandı. QMİ-də koronavirusla bağlı keçirilən iclasda Şeyxülislam Allahşükür Paşazadə bəyan etdi ki, dini rəhbərlər Azərbaycan dövlətinin virusa qarşı apardığı mübarizəsində kənarda qalmamalıdırlar. Dindarlarımız bu barədə həkimlərin tövsiyələrinə əməl etməlidirlər.

Pandemiyanın daha ağır məqamlarından biri dəfn mərasimlərinin məhdudlaşdırılması və ənənəvi ritual –çoxsaylı mərasim törənlərinin müvəqqəti qadağan edilməsi idi. QMİ yas mərasimlərində iştirakın məhdudlaşdırılması ilə bağlı tələbin yas sahiblərinə izahı, dəfnin təşkili üçün bütün lazımi addımları atdı.

Pandemiya dövründə müqəddəs dini mərasimlərin necə keçiriləcəyi də ciddi müzakirə olunan məsələ oldu.

Bu dövrdə Azərbaycan müsəlmanları Ramazan və Qurban Bayramlarını, Aşura kimi kütləvi mərasimləri evdə oturmaqla qeyd etmələri tamam fərqli bir ab-hava yaradırdı.

Ramazan ayının başlanması ilə kütləvi şəkildə məscidlərdə namaz qılınması  və digər mərasimlərin idarə olunmasını karantin şərtləri ilə uyğunlaşdırmaq lazım gəldi. QMİ Ramazan ayında verdiyi Bəyanatda vətəndaşları qeyd-şərtsiz mövcud xüsusi karantin rejiminin tələblərinə, həkim tövsiyələrinə əməl etməyə çağıraraq bütün bu məsələlərin yoluna qoyulması üçün dövlətin vacib bildiyi, cəmiyyətin sağlamlığı üçün atdığı addımlarını tam dəstəklədi.

Yüz minlərlə inanclı insan Ramazanı evdə qeyd etməklə yoluxma riskinin azaldılmasında öz köməklərini göstərdilər.

Şeyxulislam məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar verdiklərini xatırladaraq xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsini tövsiyə etdiklərini açıqladı. Qafqaz Müsəlmanları İdarəsinin çağırışı ilə məscidlərdə kütləvi ibadət evlərdə fərdi ibadətlə əvəz olundu.

Məhərrəm ayının gəlişi ilə bağlı fətva verən QMİ karantin günlərində Aşura mərasimin qeyd olunması ilə bağlı yaranmış müəyyən narahatçılığa aydınlıq gətirdi. Şeyxülislam bəyan etdi ki, Aşura günü ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verib.

Pandemiya zamanında QMİ sədri çox həssas məsələ olan dini mərasimlərin idarə olunmasında öz töhfələrini verdi. İnanclı kəsimə dövlətin qoyduğu məhdudiyyətləri səbrlə izah edən və bununla bağlı Şeyxülislamlıq məqamının verdiyi səlahiyyətdən istifadə edən A.Paşazadə mənəvi prinsiplərə söykənən cəmiyyətdə fiziki sağlamlığın vacib olduğunu təlqin edə bildi.

QMİ sədri ilk imkanda məscidlərin ibadət üçün açılması üçün Operativ Qərargaha bir neçə dəfə müraciət edərək inanclı insanların mövqeyini də ifadə etmişdi.

Bütün bunların fonunda azad edilmiş Şuşada ilk azanın verilməsi və Bayram namazının qılınması pandemiya yumşalmasının ilkin indikatorlarından idi.

Pandemiya dövründə Azərbaycan öz hərb tarixinin şərəfli səhifəsini yazdı. Qəhrəman ordumuz ali baş komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün içində işğal altında qalan torpaqlarımızı mənfur düşməndən azad etdi. Bu tarixi günlərdə ölkənin emosional ab-havasını bir cümlə ilə izah etmək mümkün deyil. Sevinc coşğusu vətən uğrunda şəhid olan əsgərlərimizin kədərinə qarışmışdı.

Belə bir şəraitdə şəhid dəfnlərini təşkil etmək, bu zaman pandemiya şərtlərinə riayət olunması həddən artıq mürəkkəb məsələ idi. Bu 44 gün ərzində əziz şəhidlərin dəfn prosesinə A.Paşazadə birbaşa rəhbərlik edirdi. Emosional coşğunun yaratdığı təsir altında minlərlə vətəndaş bu dəfn prosesində iştirak etməyə can atırdı. Bu baxımdan pandemiyanın çətin şərtləri altında dəfn prosesinin mükəmməl, problemsiz, qayda-qanunlara uyğun aparılması mühüm hadisə idi.

Hazırda dövlətlər məcburi məhdudiyyətlərin gətirdiyi çətinlikləri aradan qaldırmaq üçün var qüvvələri ilə çalışırlar. Bu sırada Azərbaycan da var. Pandemiya ilə mübarizədə uğura nail olmaq üçün cəmiyyətin vahidliyi mühüm məsələdir. QMİ-də bunun üçün səy göstərir. Son bir ildə pandemiya zamanı cəmiyyətin ruhi harmoniyasının saxlanması, mənəvi gücün təşkilində QMİ-nin də böyük rolu oldu. Ötən bir ildə koronavirus adlı bəla ilə mübarizədə QMİ-nin çağırışlarının cəmiyyət tərəfindən anlayışla qarşılanması, ona dəstək verməsi həm də inanclı kəsimin QMİ-yə olan etimadının bir nümayişi oldu.

Ağaddin Əlizadə