Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi “İnklüziv şəhərlər üçün təşəbbüslər” layihəsi çərçivəsində 11–12 iyun 2026-cı il tarixlərində Qusar şəhərində inklüzivlik üzrə təlimlər və psixoloji dəstək seminarı keçirilib. İki gün ərzində tədbirlərdə ümumilikdə təxminən 50 nəfər iştirak edib.
“İnklüziv şəhərlər üçün təşəbbüslər” layihəsinin əsas məqsədi gənclər arasında inklüziv dəyərlərin təşviqi, fərqli sosial qrupların qarşılıqlı anlaşmasının gücləndirilməsi və sosial ədalətə əsaslanan fəaliyyətlərin dəstəklənməsidir. Layihə əlilliyi olan və əlilliyi olmayan gənclərin birgə öyrənməsi və fəaliyyəti vasitəsilə stereotiplərin aradan qaldırılmasına və inklüziv düşüncənin yayılmasına xidmət edir.
Tədbirlər Qusar gənclər evində təşkil olunub. Təlimlər əlilliyi olan və əlilliyi olmayan gəncləri, gənc liderləri, müəllimləri, psixoloqları və müxtəlif təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirib. UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova 11 iyun tarixində əlilliyi olan və əlilliyi olmayan gənclərdən ibarət qrup üçün “Heç kim kənarda qalmasın: Birlikdə dəyişən gənclər” adlı təlim keçirib. 12 iyun tarixində isə o, psixoloqlar, müəllimlər və təhsil mütəxəssisləri üçün “Müasir İnklüziv Təhsil” mövzusunda təlim aparıb.
Təlimlərlə paralel olaraq, şəxsi inkişaf və karyera təlimçisi Təranə Fərzəliyeva tərəfindən psixoloji dəstək seminarı keçirilib. Seminar zamanı iştirakçılarla “Emosional fərqindəlik və stresin idarə olunması”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqla ünsiyyət”, “Psixoloji dözümlülük”, “Dəstək mənbələri” və “Ümid və gələcəyə baxış” mövzularında fikir mübadiləsi aparılıb, iştirakçılara praktik tövsiyələr verilib.
İştirakçılar həm gənclər, həm də müəllim və təhsil mütəxəssisləri mövzuya böyük maraq göstərib və inklüzivlik ideyalarının bütün maraqlı tərəflər arasında yayılmasına ehtiyac olduğunu vurğulayıblar. 12 iyun tarixində təlimdə iştirak edən müəllimlər, psixoloqlar və müxtəlif təhsil müəssisələrinin nümayəndələri təhsil icmasının üzvlərini birləşdirəcək könüllü şəbəkəsinin yaradılmasına maraqlı olduqlarını bildiriblər. Belə bir şəbəkə inklüzivlik ideyalarının yayılmasına və qabaqcıl təcrübələrin bir-biri ilə bölüşülməsinə xidmət edəcək.
Layihə komandası əmindir ki, həyata keçirilən fəaliyyətlər bölgədə inklüzivlik sahəsində yeni yerli təşəbbüslərə təkan verəcək və inklüziv cəmiyyət quruculuğuna davamlı töhfə bəxş edəcək.




