Rayonlara gecə reysləri bərpa olundu –

 Hansı istiqamətlərə avtobus işləyəcək? (AÇIQLAMA)  
25 Sentyabr 2019 - 13:44

Nazirlər Kabineti avtobusların gecə reyslərinin yenidən bərpasına razılıq verib.

Azpost.info bildirir ki, Nazirlər Kabineti bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi təklifə əsasən qərar qəbul edib.

Nazirlik əhalinin gecə vaxtı həyata keçirilən şəhərlərarası sərnişin daşımalarına olan tələbatının təmin etmək, qeyri-qanuni sərnişin daşımalarının qarşısının almaq və gecə reyslərinin yenidən bərpasına dair sərnişin müraciətləri nəzərə alaraq belə təkliflə çıxış edib.

Bu barədə Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat aktibi Nuridə Allahyarova məlumat verib.
N.Allahyarova qeyd edib ki, qərarın qəbulunda yol infrastrukturunda aparılmış ciddi təmir-bərpa işləri, magistral avtomobil yollarında əsaslı, cari təmir işlərinin yüksək templə aparılması, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin müasir səviyyədə qurulması, avtonəqliyyat parkının 10 il əvvəlki vəziyyətlə müqayisədə (şəhərlərarası daşımalar) müasir, komfortlu avtobuslarla yenilənməsi əsas götürülüb.

Rayonlararası gecə marşrutlarına 2010-cu ildən qadağa qoyulmuşdu.

Həmin ildən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilib. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılıb.
Açıqlamada qeyd olunur ki, o dövr üçün bu qərarın əsaslandırılmasına dair gətirilən arqumentlər sırasında ölkə yollarında baş verən çoxsaylı nəqliyyat qəzaları nəticəsində həlak olan və xəsarət alanların sayının artması, magistral yollarda vəziyyətin ürəkaçan olmaması, köhnə, istismarı bitmiş avtonəqliyyat vasitələri ilə sərnişin daşınmasının təhlükəli olması faktları əsas gətirilib.

Yeni qaydaya görə,gecə reysləri zamanı təhlükəsizlik qaydalarına tam əməl edilməsi məqsədilə hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcək. Uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasına dair tapşırığın icrası zəruri olacaq.
Alınan qərara əsasən NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması, reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair tapşırıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinə verilib və artıq müvafiq müqavilələr bağlanıb. Oktyabrın ayının 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq.
Qeyd edək ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa prosesə yeni daşıyıcılar cəlb olunacaq.