Rumıniyada parlamentin Deputatlar Palatası (aşağı palata) Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqləyib.
Azpost.info bildirir ki, bu məlumat Rumıniya parlamentinin Deputatlar Palatası və Senatının (yuxarı palatası) veb saytlarında dərc edilib. Rumıniya mediasının məlumatına görə, qanun layihəsi “səssiz qəbul” prosedurundan keçib. Yəni 45 gün ərzində plenar iclasda müzakirə olunmayan və ya rədd edilməyən təşəbbüslər avtomatik olaraq təsdiqlənmiş hesab olunur.
Rumıniya və Moldovanın birləşməsi haqqında qanun layihəsi SOS Rumıniya partiyası tərəfindən baxılmaq üçün təqdim edilib. Sənədin 2-ci maddəsində, digər məsələlərlə yanaşı, “Rumıniya Parlamenti Moldova Respublikası ilə birləşmə barədə qərar verir” deyilir.
3-cü maddədə deyilir ki, “Rumıniya Parlamenti hökumətə Moldova Respublikası ilə birləşməni yekunlaşdırmaq məqsədilə Kişinyov hakimiyyəti ilə dərhal və təcili danışıqlara başlamaq səlahiyyəti verir”.
Qanun layihəsi indi Rumıniya parlamentinin Senatı tərəfindən nəzərdən keçirilməlidir. Daha əvvəl Moldova prezidenti Maya Sandu iki ölkənin birləşməsini dəstəklədiyini bildirib.