Rusiya Mərkəzi Bankı büdcə kəsirini maliyyələşdirmək üçün qızıl ehtiyatlarını satmağa artıq ardıcıl onuncu aydır davam edir. Bu il büdcə kəsirinin ilkin plandan iki dəfə çox — 7,3 trilyon rubla çatacağı gözlənilir.
Rusiya Mərkəzi Bankının çərşənbə axşamı açıqladığı məlumata görə, sentyabrda ölkənin qızıl ehtiyatları daha 0,2 milyon troya unsiyası, yəni təxminən 6,2 ton azalıb. Beləliklə, ümumi ehtiyat 72,8 milyon troya unsiyasına düşüb. Bu, 2019-cu ilin sonundan bəri ən aşağı göstəricidir.
Mərkəzi Bank qızıl ehtiyatlarının satışına ötən ilin dekabrında başlayıb. Son bir neçə onilliyin ən böyük satışlarından biri hesab edilən bu proses nəticəsində bankın ehtiyatlarındakı qızılın həcmi 2 milyon troya unsiyası, yaxud təxminən 62 ton azalıb.
Beynəlxalq Valyuta Fondunun statistikasına əsasən, müasir tarixdə Rusiya qızıl ehtiyatlarını bundan daha sürətlə yalnız bir dəfə satıb. Bu, 1998-ci ildə baş verib. Həmin vaxt defolt, valyuta böhranı və dövlət qısamüddətli istiqrazları piramidasının çökməsi fonunda Mərkəzi Bank üç ay ərzində 3,8 milyon troya unsiyası, yəni 118 ton qızıl satıb.
Lakin həmin ilin sonunadək külçələrin bir hissəsi yenidən geri alınıb. Nəticədə Mərkəzi Bankın qızıl ehtiyatları il ərzində 1,6 milyon unsiya, yaxud təxminən 50 ton azalıb. Bu isə cari ildə qeydə alınan azalmadan aşağıdır.
Sonrakı dövrdə Rusiya rəhbərliyi ehtiyatlarında qızıl toplamağa üstünlük verib. 1990-cı illərin sonundan etibarən ölkənin qızıl ehtiyatları beş dəfədən çox artıb. 2022-ci ilin əvvəlinə ehtiyatların həcmi 74 milyon troya unsiyası, yaxud 2,3 min ton təşkil edib. Rusiya bu göstərici ilə dünyada beşinci yerdə qərarlaşmışdı.
Ötən ilin sonunda başlayan satışlar Rusiya Mərkəzi Bankını dünyada qızıl satan ən böyük mərkəzi bankına çevirib. Reuters agentliyinin yazdığına görə, bu proses Maliyyə Nazirliyinin Milli Rifah Fondunun aktivləri ilə apardığı əməliyyatların “güzgülənməsi” ilə bağlıdır.
Başqa sözlə, Maliyyə Nazirliyi büdcə kəsirini bağlamaq üçün Milli Rifah Fondunun qızılını satdıqdan sonra Mərkəzi Bank həmin qızılı bazarda reallaşdırır.
“Gəlirlərin çatışmadığı şəraitdə Maliyyə Nazirliyi büdcə kəsirini qarşılamaq üçün toplanmış ehtiyatlardan, o cümlədən qızıldan istifadə edir. 2026-cı ildə neft və qaz gəlirlərinin azalması Milli Rifah Fondunun aktivlərinin, o cümlədən qızılın satışını artırıb”, – deyə “Finam” analitiki Aleksandr Potavin izah edib.
Onun sözlərinə görə, Mərkəzi Bank qızıl satışları hesabına valyuta likvidliyində yaranan çatışmazlığı da qarşılaya bilər. Dünya bazarında qızılın qiymətinin yüksək olması da qiymətli metal satışlarının artırılması qərarına təsir göstərmiş ola bilər.
Rusiya qızılı Çinə axır
Satılan Rusiya qızılının bir hissəsi Çinə göndərilir. Çin bu il Rusiyadan qiymətli metal alışını tarixi rekord səviyyəyə çatdırıb. Çin gömrük orqanlarının məlumatına görə, yanvar–iyul aylarında Honkonqa Rusiya mənşəli təxminən 100 ton qızıl daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Dünyanın ən böyük qızıl bazarı olan London bazarının Rusiya qızılı üçün bağlanmasından sonra rusiyalı ixracatçılar tədarükü Şərq istiqamətinə yönəldiblər. Bunu LSEG analitiki Debacit Saha qeyd edib.
Financial Times qəzetinin hesablamasına görə, Rusiya ilə müharibənin başladığı ilk ildə Rusiya qızılı Çinə böyük həcmdə axmağa başlayıb. Həmin vaxtdan bəri Honkonq vasitəsilə 35 milyard dollar dəyərində qiymətli metal ixrac edilib.
S.Abdulla

