Rusiya Ermənistanı müdafiə etməkdən imtina edib –

“The Wall Street Journal”
20 Oktyabr 2020 - 13:49

Bu il baş verənlər Prezident Putinin Rusiyanın yaxın xaricində iğtişaşları dayandıra bilmədiyini üzə çıxardı

“The Wall Street Journal” bu barədə redaksiya məqaləsində yazıb.

Qərb mediası Dağlıq Qarabağ münaqişəsində Rusiyanın rolunu təhlil edir, Kremlin döyüşlərin dayandırılmasına təsir göstərmək gücünü dəyərləndirməyə çalışıb.

“Qırğızıstanda 4 oktyabr parlament seçkisinin nəticələri küçə etirazları nəticəsində ləğv olundu, Prezident Sooranbay Jeenbekov istefa verdi. Rusiyanın bu ölkədə hava bazası var və qəzetin mövqeyincə, Putin bu ölkədə sabitsizlikdən narahat olmalıdır.

Sentyabrın 27-dən Azərbaycanla Ermənistanın təmas xəttində başlanmış əməliyyatlar nəticəsində mülki şəxslər daxil olmaqla yüzlərlə insan həlak olub. Rusiya Ermənistanı birbaşa müdafiə etməkdən imtina edib və döyüşlərin bitməsini istəyir, Türkiyə isə hadisələrin əsas hərəkətverici qüvvəsinə çevrilib. Ankaranın dəstəyi Azərbaycanı Dağlıq Qarabağı güc yoluyla geri almağa ürəkləndirib”, – məqalədə deyilir.

Qəzet qeyd edir ki, Belarusdakı son hadisələr də Rusiyanın gücünün limitini göstərir və nüfuzunun zəifləməsinə görə Putin özünü günahlandırmalıdır. Belə ki, onun repressiv və korrupsioner idarəçiliyi iqtisadi artımı yavaşıdıb, nəticədə Çin daha cəlbedici iqtisadi tərəfdaşa çevrilib, xüsusilə Orta Asiyada. Hətta iqtisadi problemləri olan Türkiyə belə Rusiya ilə hərbi baxımdan rəqabət apara bilər. Məqalədə deyilir ki, sanksiyalar dərhal nəticə verməsə də, 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra tətbiq edilən iqtisadi təcrid öz işini görüb.