Rusiya internetin “suverenliyini” rəsmən TANIDI –Xarici saytlara giriş məhdudlaşdırılacaq (QANUN)

Rusiyada “suveren internet”lə bağlı qanun qüvvəyə minib.

Azpost.info BBC-yə istinadən bildirir ki, hakimiyyət nümayəndələri bunu qlobal şəbəkədə əlaqə kəsiləcəyi hallarda Rusiya seqmentinin stabil işini təmin etmək məqsədi güddüyünü bildirirlər.

“Suveren runet”in yaradılması üzrə hazırlıqlar bu gün hansı səviyyədədir?

Nələr nəzərdə tutulub

Qanuna görə, trafikin yönləndirilməsi elə şəkil almalıdır ki, xaricə göndərilən informasiyaların həcmi azalsın. Hakimiyyət ümid edir ki, bu, Rusiyanın hipotetik olaraq internetsiz qaldığı vəziyyətdə dövlət saytları kimi xüsusi vacib xidmətlər öz fəaliyyətini davam etdirəcək.

Qanun rabitə operatorlarının üzərinə şəbəkələri təhlükələrə qarşı texniki vasitələrlə təmin etmək öhdəliyi qoyur – bu vasitələr trafiki filtrləməyə və qadağan olunmuş saytlara girişi məhdudlaşdırmağa imkan verəcək.

Hazırda rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar üzərində federal nəzarət xidməti “Rostkomnadzor”un tələbiylə operatorlar İP ünvanlara girişləri məhdudlaşdırırlar, ancaq “Telegram” mesencerinə tətbiqi zamanı bu üsulun o qədər də effektli olmadığı üzə çıxıb.

Provayderlərin quraşdırmalı olduğu DPİ (Deep Packet Inspection, “trafikin dərin analizi”) avadanlığı bütün trafiki analiz etmək və konkret saytlara və proqramlara aid xüsusi paketləri seçmək imkanı yaradır. Avadanlığın quraşdırılmasını dövlət maliyyələşdirəcək. Proses 2021-ci ilə qədər başa çatmalıdır.

Rusiya ərazisində bütün trafiklərlə bağlı informasiya mübadiləsi xüsusi mübadilə nöqtələrindən təmin olunacaq. Hakimiyyət “Roskomnadzor”un və hüquq-mühafizə orqanlarının tələblərini yerinə yetirməyən operatorlara, sosial şəbəkələrə və mesencerlərə bu nöqtələrə bağlanmağı qadağan edə bilər. Transsərhəd rabitə kanallarına malik böyük provayderlər Rusiyanın qlobal şəbəkədən ayrılmasıyla bağlı illik təlimlərdə də iştirak etməlidirlər.

Görülən və görülməyən işlər

“Suveren runet”in iş mexanizmləri qanunlara əlavə edilən aktlarda təsvir edilməlidir, ancaq belə aktlar hələ ki, yoxdur.

RBK-nın xəbərinə görə, telekommunikasiya məsələlərini kurasiya edən baş nazir müavini Maksim Akimov aktların 1 avqust 2019-cu ilə qədər hazır olmasıyla bağlı plan-qrafik imzalayıb.

“Usher2” teleqram-kanalının hesablamalarına görə, qanunun icrası üçün lazım olan 26 normativ aktdan ancaq yeddisi qəbul edilib, 23 layihədən 17-sinə İqtisadi İnkişaf Nazirliyi mənfi rəy verib. Nazirliyin ekspertlərinin bəyənmədiyi məsələlər arasında antitəhlükə avadanlıqlarına xidmət prosedurları və runetin stabil işiylə bağlı təlimlərin tənzimlənməsi qaydaları da var.

Qanunun müəlliflərindən biri, senator Andrey Klişas BBC-yə açıqlamasında bildirib ki, Rusiyanın regiaonlarında artıq belə təlimlər keçirilib. “Hökumət ehtiyat edirdi ki, trafikdə yavaşlama ola bilər. Ancaq testlər göstərdi ki, istifadəçilər təlim olduğunu heç hiss etmədilər də” deyən Klişas hansı regiaonlardan söhbət getdiyini dəqiqləşdirməyib.

“Vedomosti” saytı yazıb ki, hakimiyyət runetin necə izolə ediləcəyini düşünmədən rabitə operatorlarını və İT mütəxəssislərini aktlartın hazırlanması işinə cəlb edib. Daha əvvəl böyük mobil operatorlar (“Vımpelkom”, MTS və “T2 mobile”) runetin təcridiylə bağlı qanuna aid normativ aktları tənqid ediblər. Onlar sənədlərdəki “korrupsiya amillərindən” və onların “qüsurlu olmasından” danışıblar.

2019-cu ilin sentyabr ayında “Roskomnadzor”un rəhbəri Aleksandr Jarov bildirib ki, qurum suveren internet üçün lazım olan avadanlıqları təzəlikcə quraşdırmağa başlayıb. Konkret hansı avadanlıqlardan söhbət getdiyi hələ ki, aydın deyil. “Biz əvvəlcə texniki yoxlama edəcəyik – trafikə təsir edirmi, etmirmi, bütün xidmətlər yaxşı işləyirmi? Döyüş rejimində testi ancaq bundan sonra tətbiq edəcəyik. Hələ ki, hər şey yaxşı gedir” – “RİA Novosti”yə açıqlamasında Jarov belə deyib.

Qanun necə qəbul olunub

Sənədin ilkin versiyası 2018-ci ilin dekabr ayında meydana çıxıb, 2019-cu ilin fevral ayında Dumada birinci oxunuşdan keçib.

Layihənin müəllifləri Andrey Klişas, Lyudmila Bokova və Dövlət Dumasının deputatı Andrey Luqovoydur. İzahedici qeyddə onlar bildiriblər ki, belə bir qanunun hazırlanmasına onları 2018-ci ildə ABŞ-da Milli Kibertəhlüksizlik Strategiyasının qəbulu həvəsləndirib.

Deputatlar layihənin vacibliyini müxtəlif ölkələrdə internetin kəsilməsiylə əsaslandırıblar. “Rusiya Federasiyasının ərazisində belə hallar olubmu? Bəli, hörmətli həmkarlar, olub. İctimai Palatanın saytı müəyyən müddətə məhdudlaşdırılıb. Çünki ABŞ-da bu sahəni tənzimləyən institutlardan – hüquqi şəxslərdən biri hesab edib ki, İctimai Palata Donetsk Xalq Respublikasıyla əlaqəlidir” – Klişas belə deyib.

Ölkənin “suveren internetə” ehtiyacı olması fikriylə Rusiya prezidenti Vladimir Putin də razılaşıb: “Axı, onlar (Qərbin xüsusi xidmət orqanları) orda oturublar. Axı, bu (internet), onların ixtirasıdır. Hər şeyə qulaq asırlar, hər şeyi görürlər, oxuyurlar, müdafiə informasiyası toplayırlar. Amma belədə toplamayacaqlar”.

Qanun internetin sürətinin azalma ehtimalına, mal və xidmətlərin bahalaşacağına və internet istifadəçilərinə qarşı məhdudlaşdırmalara görə tənqid edilib. Buna baxmayaraq 2019-cu ilin aprel ayında qanun Duma və Federasiya Şurasında qəbul edilib, 1 mayda isə Putin onu imzalayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“McDonald’s”ın 10 ildir çürüməyən burgeri və kartofu –