Rusiya Prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün atılan addımların sülhə gətirib çıxaracağına ümidvar olduğunu bildirib

10 Noyabr 2020 - 15:19

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələrin dövlət başçıları şurasının iclasındakı çıxışında hazırda Dağlıq Qarabağda baş verən hadisələri böyük faciə adlandırıb. O, münaqişənin nizamlanması üçün atılan addımların sülhə gətirib çıxaracağına ümidvar olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Rusiya lideri deyib: “Qarabağda baş verənlər həqiqətən böyük faciədir. Qırğının dayandırılması barədə əldə olunan razılaşmanı və nəzərdə tutulan kompromisi böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Ümidvaram ki, bizim son vaxtlar atdığımız bütün addımlar Azərbaycan və Ermənistan xalqlarının rifahı naminə uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq”.