“Rusiya və ABŞ-ın Azərbaycanla bağlı siyasəti hər zaman sabit və proqnozlaşdırılan olub” –

İLHAM ƏLİYEV
21 May 2021 - 15:54

“Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi demək olar ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olublar. Əfsuslar olsun ki, bu danışıqlar heç bir nəticə vermədi”.

Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə suallara cavab verərkən bildirib.

Dövlət başçısı bildirib ki, münaqişənin həlli məsələsi bəlkə də Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ idi. Prezident vurğulayıb ki, Azərbaycan öz münaqişəsi ilə ən azı bu iki supergücün səmimi şəkildə əməkdaşlıq edə biləcəyi bir sahəyə malik olmaqla mühüm rol oynayır.

İ.Əliyevin sözlərinə görə, pandemiyadan əvvəl Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmiləri, hər iki ölkənin ordularının baş qərargah rəisləri Bakıda mütəmadi görüşlər keçirirdilər: “Bakının seçilməsi, ilk növbədə, Azərbaycanın müstəqil xarici siyasətinin həqiqətən də yaxşı göstəricisi, həmçinin ölkəmizə yüksək səviyyəli hörmətin və etimadın təzahürüdür. Biz bunları Azərbaycanın məkan kimi seçilməsində əsas amil hesab edirik”.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın ABŞ-la əlaqələri Rusiya ilə əlaqələrimizdən daha az çoxşaxəlidir: “Bu da aydın məsələdir, çünki bizim Rusiya ilə uzun tarixə malik əlaqələrimiz var və biz qonşuyuq. Ona görə də bizim Rusiya ilə münasibətlərimiz çoxşaxəlidir, demək olar ki, hər bir sahəni əhatə edir. ABŞ-la əməkdaşlığımızın əsas sahələri terrorizmlə mübarizə, istər İraqda, istərsə də Əfqanıstanda sülhməramlı əməliyyatlar, hazırda enerji təhlükəsizliyi və bəzi başqa sahələrdir. Hər iki ölkənin Azərbaycanla bağlı siyasəti, eləcə də bizim bu ölkələrlə bağlı siyasətimiz hər zaman sabit və proqnozlaşdırılan olub”.

Prezident qeyd edib ki, hər iki ölkə ilə bizim strateji əhəmiyyət kəsb edən münasibətləri var: “Sözsüz ki, gündəlik fərqlidir, lakin çox açıq, çox aydındır və gözlənilməz heç bir hal baş vermir. Çünki biz hər zaman nəzərdə tutduğumuzu deyirik və hər zaman dediyimiz sözün arxasında dayanırıq. Düşünürəm ki, bir çox ölkələrlə yaxşı əlaqələr qurmağa nail olmağımızın səbəblərindən biri məhz budur və onların arasında bir-biri ilə yaxşı əlaqələri olmayan yeganə ölkələr Rusiya və ABŞ deyil. Zənnimcə, ABŞ və Rusiyanın Azərbaycanla bağlı siyasəti sabit olmağa davam edəcək və mənim yüksək rütbəli rəsmilər, Rusiya Prezidenti, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri, eyni zamanda, Rusiyanın xarici işlər naziri ilə son təmaslarım onu göstərir ki, biz həqiqətən də əməkdaşlığımızı genişləndirmək istəyirik və hər iki tərəf bu əlaqələri strateji əhəmiyyət kəsb edən münasibətlər hesab edir”.

“Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra düşünürəm ki, gələcəyi planlaşdırmaq daha asan olacaq. Çünki bu münaqişə bizim çox fəal əməkdaşlıq formatına sahib ola biləcəyimiz, lakin bu və ya digər səbəbdən sahib ola bilmədiyimiz bəzi əməkdaşlıq sahələri üçün müəyyən mənada əngəl törədirdi. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli tamamilə yeni mühit yaradır və ümid edirik ki, Rusiya və ABŞ ölkəmizə böyük əhəmiyyət verməyə davam edəcək”-deyə İ.Əliyev vurğulayıb.