Rusiyalı oliqarx Belarus müxalifətini maliyyələşdirib? –

Kremldən Lukaşenkoya "bizimlə siçan-pişik oynama!" xəbərdarlığı
08 İyun 2021 - 09:24

Kreml Belarus müxalifətinin NEXTA teleqram-kanalının guya rusiyalı milyarder tərtəfindən maliyyələşdirilməsinə dair iddialara sübut tələb edir.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, bunu ya hazırda Minskdə həbsdə olan müxalifətçi Raman Prataseviç, ya da Belarus hökuməti etməlidir.

Peskov bunu jurnalistlərdən birinin NEXTA-nın guya “Uralxim” şirkətinin baş direktoru Dmitri Mazepin tərəfindən maliyyələşdirildiyinə dair iddia ilə bağlı sualına cavab verərkən deyib.

İyunun 3-də ONT telekanalının efirində NEXTA kanalının keçmiş baş redaktoru, mayın 23-də məcburi qaydada Minskə endirilmiş təyyarədə həbs olunan Raman Prataseviçin iştirakilə süjet göstərilib. Bu verilişdəki müsahibədə Prataseviç deyib ki, NEXTA məşhur Rusiya oliqarxının şirkəti tərəfindən maliyyələşdirilib.

Jurnalist oliqarxın adını çəkməsə də onun “Uralda dağ-mədən biznesi” ilə bağlı olduğunu deyib. Bundan sonra mediada bu oliqarxın Dmitri Mazepin ola biləcəyinə dair ehtimallar yer alıb.

Bununla belə, Prataseviçin yaxınları və tərəfdarları indi onun dediklərinə əhəmiyyət verməməyə çağırıblar, çünki o televiziya çıxışlarını təzyiq və işgəncə altında edir.

Peskov Mazepin barədə suala cavab olaraq deyib: “Mazepini heç kim, heç nədə ittiham etməyib. Prataseviç Mazepinin adını çəkməyib. Buna görə də o bir təhər bunu izah etməlidir, ya da Belarus tərəfi söhbətin nədən getdiyi barədə izahat verməlidir. Bu məsələdə siçan-pişik oynamaq olmaz. Əgər belə ittihamlar səsləndirilibsə, deməli dəqiqləşdirmə də olmalıdır”.

Mazepinin özü də NEXTA kanalı ilə heç bir əlaqəsinin olmadığını bildirib: “Mən açıq və səmimi şəkildə deyə bilərəm ki, nə mən, nə də mənim şirkətim bu telekanalın maliyyələşdirilməsi ilə məşğul olmayıb, çünki bu mənim mövqeyimə zidd olardı”.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, 2020-ci ilin avqustunda Minskdə davam edən etiraz aksiyaları zamanı Mazepin müxalifəti dəstəkləmiş və hətta Belarusda milli xilas komitəsinin yaradılmasını təklif etmişdi.

Raman Prataseviç və onun qız yoldaşı Sofya Sapeqa mayın 23-də məcburi qaydada Minskə endirilmiş təyyarədə həbs olunublar.

Təyyarə Afinadan Vilnüsə uçurdu.