“Rusların 80 faizi əqidəsizdir, laqeyddirlər” –Məşhur rus yazıçısından maraqlı etiraflar 

Ona yaxın romanın və 15-dən çox şeir toplusunun müəllifi Dmitri Bıkov, bəlkə də, müasir rus ədəbiyyatının ən məşhur və ən fəal yazıçılarından biridir.

Bıkov “Neue Zürcher Zeitung” nəşrinin jurnalisti Ulrix M.Şmidə (Ulrich M.Schmid) müsahibə verib. “Siyasət milli ruhun ümumi ifadəsidir. İsveçrə kimi xoşbəxt bir ölkədə siyasət çöldə qalır, insanlar özləri üçün yaşayırlar. Rusiyada isə, əksinə, siyasət bütün dəlmə-deşikdən insanların şəxsi həyatına nüfuz edir”, – deyə yazıçı bildirib.

“İdeal Rusiya”nı necə gördüyünə aydınlıq gətirən Bıkov qeyd edib ki, Rusiya konstitusiyada yazıldığı kimi fəaliyyət göstərməlidir: “Yalnız Konstitusiyaya əməl etmək lazımdır. Onda mərkəzi elementlərə – hakimiyyətin nizamlı qaydada dəyişdirilməsi, mətbuat azadlığı – zəmanət verilir. Təkcə ədliyyə sisteminin müstəqilliyini möhkəmlədərdim”.

Ədəbiyyatşünas hesab edir ki, əhalinin 80%-i Putinə əsl dayaqdır: “Onlar ümumiyyətlə siyasətlə maraqlanmırlar. Onlar Putindən üz döndərən kimi – bunu isə edəcəklər – geniş dəstək yox olacaq. Bu insanların ümumiyyətlə heç bir əqidəsi yoxdur. Rusiyada mütərəqqi düşüncəli insanlar təxminən 10% təşkil edir. Onları liberal adlandırmıram, çünki liberalın nə demək olduğunu bilmirəm. Bizdəki mühafizəkarların sayı da təxminən 10%-dir. Onlar mərkəzi dəyərlər kimi doğulduqları yerə, milliyyət və tarixə istinad edirlər. Yerdə qalan 80% laqeyddir və vəziyyətdən asılı olaraq qalibin tərəfinə keçirlər. 1980-cı illərdə onlar Qorbaçovu dəstəkləyirdilər, 2014-cü il Krımın ilhaqından sonra isə “rus baharını” böyük şadyanalıqla qarşılayıblar”.

“2000-ci illərin əvvəlində “Putin necə ABŞ prezidenti oldu” adlı “siyasi nağıl” qələmə almışdım. Onda hesab edirdim ki – elə indinin özündə də hesab edirəm ki – Putin Moskvanın meri Lujkovdan, baş nazir Primakovdan daha yaxşı olub. Onlar da gec-tez eyni avtoritar kursla irəliləyəcəkdilər. Rusiyanın problemi Putində deyil. (…) Rusiyanın problemi əksər vətəndaşlarının laqeyd və ətalətli olmasındadır, – həmsöhbət vurğulayıb. – Bu ətaləti necə aradan qaldırmaq olar? Bilmirəm. Bəlkə onla ümumiyyətlə mübarizə aparmaq lazım deyil. Bəlkə insanlara belə olmaq daha yaxşıdır. Rusiyanın mənəvi axtarış ənənəsi var. Rusiyaya siyasət deyil, həyatın mənası maraqlıdır. Rus tarixi  puç olmuş ümidlərlə doludur. (…) Ona görə də, bu gün Rusiyada insanları təəccübləndirmək, onlara toxunmaq, onları maraqlandırmaq çox çətindir”.

Əgər taleyim bir az fərqli olsaydı, o zaman mühafizəkarların tərəfini tuta biləcəyimi də istisna etmirəm. Bəlkə də məni “rus baharı” və Krımın ilhaqını dəstəkləyən insanlardan yalnız incə bir xətt ayırır. Mənim sovet inancım var. Düşünürəm ki, Sovet İttifaqı Rusiya tarixinin kulminasiya nöqtəsi olub. (…) Sovet dövlətini eyni şəkildə azad olmayan, ancaq intellektual baxımdan daha aşağı olan bugünkü Rusiyadan qat-qat yüksək qiymətləndirirəm. Buna görə də Krımın qaytarılmasını alqışlaya bilərdim”, – deyə yazıçı qeyd edib.

“Krımı Rusiyaya birləşdirmək əməliyyatı böyük bir dövlət yalanı ilə müşayiət olunub. Bu təbliğat kifayət qədər yöndəmsiz bir şəkildə həyata keçirilib. (…) Məni Krımla bağlayan çox şey var. (…) Lakin Krımın Rusiyaya ilhaqı ilə razı deyiləm. Krımın bütün əhalisi Rusiya tərəfdə olsaydı belə, başqa cür etmək lazım idi”, – Bıkov sonda vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oqtay Gülalıyev gözünü açdı –

Sonrakı məqalə

Baş həkimin müavini dələduzluğa görə vəzifəsindən azad edilib