“Səfərbərliyə çağrılanlara verilən 360 manatı dəfələrlə artırmaq lazımdır” –

Deputat
25 Dekabr 2020 - 12:50

 “Səfərbərlik üçün hərbi xidmətə çağırılan şəxslərə hər ay birdəfəlik 360 manat verilir. Bu vəsaitin dəfələrlə artırılmasına ehtiyac var. Keçmiş iş yerlərində maaşları saxlanılanlar istisna olmaqla, işləməyən hərbi qulluqçuların müavinətlərinə yenidən baxmalıyıq.

Azpost.info APA-ya istinadən bildirir ki, bu sözləri deputat Azay Quliyev Milli Məclisin büdcə müzakirələri ilə bağlı bu günkü iclasında deyib.

Onun sözlərinə görə, gizirlərə 128 manat ərzaq təminatı ilə bağlı vəsait ödənilməlidir: “Ancaq Nazirlər Kabinetinin son qərarı nəzərə alınmaqla, artımlarla bu vəsait ödənilmir. Bu məsələyə də Maliyyə Nazirliyi aydınlıq gətirməlidir”.

Millət vəkili Qazi və Veteranlar Federasiyasının yaradılmasını, bu quruma büdcədən vəsait ayrılmasını da təklif edib.

Millət vəkili Azay Quliyev qeyd edib ki, şəhid ailələri və qazilərin sosial təminatı Prezident İlham Əliyevin diqqətindədir, yaxın günlərdə də bu istiqamətdə müvafiq addımların atılması gözlənilir.