Səməd Seyidov qatarda yazdığı şeirdən DANIŞDI:“Ürəkdən gələn sözlərdir”

Beşinci çağırış Milli Məclisin deputatı, gələn il fevralın 9-da növbədənkənar seçkilərdə iştirak etməsi üçün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən Səməd Seyidov sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Qatar gedir, zaman ötür,
Qazax tərzdə dönür ömür,
Doğma diyar səsləyəndə,
Könül dildən şeir tökür…

Belə ki, Səməd Seyidovun namizədliyi 107 saylı Qazax seçki dairəsindən irəli sürülüb.

Modern.az saytı Səməd Seyidovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında Qazaxa gedərkən paylaşdığı şeirlə bağlı bunları deyib:

“Əslim, nəslim Qazax rayonundandır. Ulu babam, babam birbaşa bu diyarla bağlı olan insanlardır. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyimin Qazax rayonundan irəli sürülməsi mənim üçün şərəfdir. Hesab edirəm ki, mənə göstərilən etimadı mütləq məsuliyyətlə yerinə yetirməliyik”.

YAP namizədinin sözlərinə görə, paylaşımda qeyri-adi məsələ yoxdur: “Qazax mahalı ziyalıları, alimləri, incəsənət xadimləri, şairləri ilə məşhurdur. Əsas məsələ o deyil ki, fikirlərinizi şeir, nəsr formasında izah edin. Əsas odur ki, fikirlər xalqın istəyini əks etdirə bilsin. Ona görə ki, xalqın fikirləri hər bir millət üçün əsas fəlsəfəni təşkil edir. Daha yaxşı olar ki, millət vəkilləri fikirlərini təmsil etdikləri insanların ruhuna, həyat tərzinə, düşüncəsinə uyğun formada əks etdirsinlər. Burada qeyri-adi məsələ yoxdur. Bu haqda xeyli kitablar da yazmışam. Şeirlərim də müxtəlif dillərə tərcümə olunub. Bu nöqteyi-nəzərdən paylaşımda qeyri-adi nəsə görmürəm. Hər bir halda ürəkdən gələn sözlərdir. Ürəkdən gələn sözlər isə həmişə insanlar üçün xoş olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sürüşmə olan Bibiheybət yolunda sabah hərəkət bərpa olunacaq

Sonrakı məqalə

“İstərdik ki, 2020-ci ildə və növbəti illərdə suya həssaslıqla yanaşaq”