Sabiq nazirlər nə qədər pensiya alırlar?

Vaxtilə yüksək postlar tutmuş eks-nazirlərlə bağlı məsələlər tez-tez gündəm olur. Onların bir çoxu pensiya yaşını tamamlayıblar.

 Bəziləri uşaq sayına, bəziləri staja görə dövlətin onlar üçün ayırdığı vəsaiti xımır-xımır xərcləməklə məşğuldurlar. Bəlkə də bəzi sabiqlər üçün bu məbləğ “tum pulu” kimi bir şeydir, amma biz yenə də sabiq nazirlərin pensiya məbləğini sizlər üçün araşdırmaq qərarına gəldik.

Eks-nazirlərin pensiya təminatı hansı şəkildə həyata keçirilir? Onların aldığı pensiya məbləği neçə manat təşkil edir? Sualları ilə dövlət qurumu və ekspertə müraciət etdik.

 

Eks-nazirlərin pensiyası bu məbləğdən artıq ola bilməz

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, dövlət qulluqçularına və sabiq nazirlərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya digər vətəndaşlar kimi sığorta göstəriciləri nəzərə alınmaqla ümumi əsaslarla təyin edilir:

“Həmin qanunun 20-ci maddəsinə əsasən, dövlət qulluqçularına və sabiq nazirlərə təyin edilmiş pensiyaların üzərinə qulluq stajına görə əlavə hesablanması nəzərdə tutulub. Pensiyanın minimum məbləği “Əmək pensiyaları haqqında” Qanunun 6-cı maddəsi ilə müəyyənləşdirilib”.

Yeri gəlmişkən, 1 oktyabr 2019-cu il tarixindən minimum pensiya məbləği 200 manat təşkil edir.

F.Talıbovun sözlərinə görə, sığorta göstəricilərinə əsasən, təyin olunan pensiyaların maksimum məbləği bütün növ pensiyalar üzrə qanunla məhdudlaşdırılmır: “Lakin qulluq stajına görə pensiya alan dövlət qulluqçularının və sabiq nazirlərin pensiyaları aldığı dövlət məvacibinin orta aylıq məbləğinin 80%-dən artıq ola bilməz”.

“Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə, pensiyanın miqdarı dövlət qulluğunda xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir:

– dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə – onun dövlət məvacibinin 60 faizi miqdarında;

– dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə – onun dövlət məvacibinin 70 faizi miqdarında;

– dövlət qulluğu vəzifəsində 15 ildən artıq qulluq stajı olan şəxsə – onun dövlət məvacibinin 80 faizi miqdarında.

– Bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvlərinin sayından asılı olmayaraq onlara pensiya aşağıdakı miqdarda təyin edilir:

– vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında;

– vəfat etmiş pensiyaçının pensiyasının 80 faizi miqdarında.

– Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır.

– Pensiyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydası Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 Eks-nazirlərin pensiya məbləği

 Prezidentinin 10 avqust 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamı ilə nazirlərin əməkhaqqı 1925 manatdır.

Rəsmi məlumatlara əsasən belə nəticə hasil olur ki, eks-nazirlərin orta pensiya məbləği 1540 manatdır (nazir maaşının 80 %-i).

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının katibini qəbul edib

Sonrakı məqalə

“Əsrin müqaviləsi”nin imzalandığı gün Heydər Əliyevin keçirdiyi ilk mətbuat konfransı: