Samir Şərifov:

"Sosial xərclər gələn ilin dövlət büdcəsinin prioritetini təşkil edəcək"
12 Noyabr 2019 - 13:04

“2020-ci il və orta müddətli dövrdə Azərbaycanın milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol xəritələrinin icrası, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas istiqamətlərindən biri olacaq”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcəsinin əsas parametrləri barədə məlumat verən Maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, gələn ildə də ənənəvi olaraq, büdcənin sosialyönümlülüyü təmin ediləcək: “Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci il və orta müddətli dövrdə də davam etdiriləcək. İnsan kapitalının inkişafı, əmək məhsuldarlığının artırılması, kompetensiyalı işçi qüvvəsinin yaradılması üzrə tədbirlər büdcə siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq.

Bu əsasda, təhsil islahatlarının davam etdirilməsi, məktəbəqədər təhsilin maliyyə təminatı, habelə ali məktəblərə dövlət sifarişi əsasında tələbə qəbulunun daha da genişləndirilməsi məqsədilə müvafiq maliyyə təminatı ayrılacaq. Xərc siyasətinin digər mühüm istiqaməti ərzaq təhlükəsizliyinin təmin edilməsi olacaq. Bununla əlaqədar aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün müvafiq təşviq mexanizmləri formalaşdırılacaq, maliyyə dəstəyi və subsidiyalar ayrılacaq. 2020-ci ilin xərc siyasətinin əsas istiqamətlərindən biri səhiyyə sahəsində islahatların dəstəklənməsi olacaq.

Belə ki, 2020-ci ildən başlayaraq ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılır ki, bu məqsədlə dövlət büdcəsində əhəmiyyətli maliyyə vəsaiti nəzərdə tutulub. 2020-ci il və orta müddətli dövrdə nəqliyyat, kommunal infrastruktur, meliorasiya, sənaye və energetika, kənd təsərrüfatı kimi prioritet sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi, habelə, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin, əlil və şəhid ailələri üçün evlərin tikintisi dövlət əsaslı vəsait qoyuluşunun prioritet istiqamətlərindən olacaq”.

Nazir qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək: “2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb. Bütövlükdə, orta müddətli dövr üçün də icmal və dövlət büdcəsinin layihələri hazırlanarkən həmin qiymətin əsas götürülməsi planlaşdırılır. 2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılsa da, sonrakı üç ildə artım sürətinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunması gözlənilir.

Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır.

Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfert nəzərdə tutulur.

İcmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun 2,3 faizinə bərabər olacaq.

Bu illə müqayisədə növbəti ildə elm xərclərinə 42,1 faiz, təhsil xərclərinə 38,3 faiz, səhiyyə xərclərinə 31,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 31,1 faiz, mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 29,3 faiz, müdafiə və hüquq mühafizə orqanlarının saxlanması xərclərində 22,5 faiz çox vəsait nəzərdə tutulub. Dövlət büdcəsinin 10 milyard 210 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək”.

S.Şərifov bildirib ki, sosial xərclər büdcənin prioritetini təşkil edəcək: “Sosialyönümlü xərclər 10 milyard 642 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat çoxdur. Əhalinin aztəminatlı təbəqəsinin sosial durumunun yaxşılaşdırılması istiqamətində gələn il ehtiyac meyarı həddinin və yaşayış minimumunun məbləğinin artırılması nəzərdə tutulub.

Gələn il üçün elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinə 8 milyard 402 milyon manat vəsait sərf olunacaq. İcbari tibbi sığortanın tətbiqi də nəzərə alınmaqla səhiyyə xərclərinin məbləği 1 milyard 369 milyon manata yüksələcək. Sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 245 milyon manat olacaq.

Müdafiə və təhlükəsizliyin təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən hüququ mühafizə orqanları, prokurorluğun saxlanması xərcləri üçün 5 milyard 827 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli şəkildə mənzil əldə edilməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də maliyyənin ayrılması nəzərdə tutulub. Bu tədbirlərin maliyyələşdirilməsi üçün 245 milyon manat vəsait ayrılacaq.

Beynəlxalq münasibətlər və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclərin maliyyələşməsinə 413 milyon manat nəzərdə tutulub. Həmin vəsaitin 226 milyon manatı beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı xərclərə, 145 milyon manatı isə xaricdəki diplomatik nümayəndə və səfirliklərin saxlanması xərclərinə yönəldiləcək.

Azərbaycanın xaricidə fəaliyyət göstərən ticarət nümayəndəliklərinin, səfirliklərin nəzdindəki mədəniyyət mərkəzlərinin saxlanmasına, diaspor fəaliyyətinin dəstəklənməsinə 20 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Milli Məclisə keçiriləcək seçkilər üçün büdcədən 51 milyon manat ayrılacaq. Bununla yanaşı, İnsan Hüquqları üzrə Müvəkkilin, bələdiyyələrin fəaliyyətinin təmini üçün də maliyyənin ayrılması nəzərdə tutulur”.