Şanlı qələbə ilə tarix yazmış Azərbaycan xalqı! 

2020-ci ilin 10 noyabr günü  Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir tarixdir. Bəli həmin gün haqq-ədalətin qalib gəldiyi, xeyrin şər üzərində qələbə çaldığı gündür. Azərbaycan xalqı bu qələbə gününü 30 ilə yaxın idi ki, gözləyirdi.

Sözsüz ki, bu qələbəni qazanmaq, tarixi ədaləti bərpa etmək bizə asanlıqla başa gəlmədi. 1994-cü il atəşkəs dövründən başlayaraq münaqişənin dinc yolla həlli üçün Azərbaycan dövləti, azərbaycan xalqı əlindən gələni etdi. Dəfələrlə sülh yolu ilə, qan tökülmədən bu problemi həll etmək istəyimiz bütün rəsmi tribunalardan bəyan edildi. Münaqişənin dinc yolla həll olunması üçün “fəaliyyət göstərən” ATƏT –in Minsk qrupu dəfələrlə hər iki ölkəyə səfərlər etdi, müxtəlif həll variantları təklif etdilər. Məsələnin mümkün qədər tez həll edilməsi üçün dəfələrlə ölkə rəhbərləri, hökumət üzvləri səviyyəsində görüşlər keçirildi. Lakin, hər dəfə də təklif edilən həll variantları ya tərəfləri qane etmirdi, ya da Ermənistanın işğalçı rəhbərləri danışıqlar prosesini pozurdu. Görünən budur ki, geosiyasi gücə malik, Ermənistana hər cür təzyiq göstərməyə qadir olan ölkələr sadəcə bu problemin həllində maraqlı deyildilər. Buna baxmayaraq dövlətimiz, Ali Baş Komandanımız bütün bu illər ərzində həm qonşu, həm də digər  dünya ölkələri ilə davamlı siyasi, iqtisadi siyasət aparır, əməkdaşlıq edir, eyni zamanda ordu quruculuğu, xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görürdü. Ermənistan rəhbərliyi isə  işğalçı ölkə olduğunu, sülh prosesinə xəyanətkar mövqedə qaldığını nümayiş etdirirdi. Cəbhə xəttində demək olar ki, hər gün atəşkəsi pozur, təxribatçılıqla məşğul olurdular. Çox təəssüf ki, təcavüzkar erməni dövləti 2016-ci il “aprel döyüşlərindən“ də dərs götürmədi.

Düşmən 2020-ci ilin iyul ayında və nəhayət sentyabrın 27-də yenə də cəbhə xəttində təxribat törətdi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın Müzəffər Ordusu əks hücüm əməliyyatlarına başladı. Çox qısa bir zamanda, 44 gün ərzində güclü, müasir silahlarla silahlanmış, xalqın güclü dəstəyini görən və Ali Baş Komandanın iradəsinə, əzminə inanan ordumuz əsl şücaət, qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi və Ermənistanı təslim olmağa məcbur etdi. Bu müharibə Azərbaycanın şərəf müharibəsi idi, azadlıq müharibəsi idi, dövlət, xalq, ordu birliyinin təcəssümü idi. Vətənpərvər, vətənə sədaqət ruhunda yetişən Azərbaycan gəncliyi Ali Baş Komandanın bir çağırışıyla səfərbər olaraq Vətən Müharibəsinə qatıldı, şərəflə, əzmlə  döyüşdü, Azərbaycan tarixində misli görünməmiş əsl qəhrəmanlıq salnaməsi yazdı. Çünki, biz  erməni əsgərindən fərqli olaraq nə uğrunda döyüşdüyümüzü bilirdik, biz əzəli torpaqlarımız uğrunda, Azərbaycan xalqının qüruru, şərəfi uğrunda, ana–bacılarımızın namusu uğrunda, şəhid oğul və qızlarımızın qisasını almaq uğrunda döyüşdüyümüzü dərk edirdik. Bu amal, bu birlik, xalqımızın ölkə rəhbərinə və ordumuza dəstəyi, Ali Baş Komandanımızın dəmir iradəsi qələbəmizin qarantı oldu. Bir vaxtlar ana bətnində, ana qucağında o torpaqlardan məcburi olaraq çıxarılmış oğullarımız həmin torpaqlara tanklar üzərində qayıtdı və şanlı Azərbaycan bayrağını işğaldan azad etdiyi torpaqlarda dalğalandırdı. Bu qələbə Azərbaycan dövlətinin  gücünü, Azərbaycan ordusunun əzmini, Azərbaycan xalqının birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Bu gün artıq torpaqlarımız azaddır, tarixi ədalət bərpa olunub və bizm bundan sonrakı fəaliyyətimiz Vətən Müharibəsində olduğu kimi “Dəmir yumruq” ətrafında möhkəm birləşərək, işğaldan azad olunmuş ərazilərimizi dirçəltmək, inkişaf etdirmək, həmin torpaqları cənnətə çevirməkdən ibarətdir.

Məhərrəm Quliyev

Neftçala rayon ağsaqqalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla səfər edə biləcək

Sonrakı məqalə

Cəlilabad bələdiyyəsinin sədri barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıb